Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun görüşündə müzakirə olunub.

Nazir Ceyhun Bayramov post münaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneçilik törətdiyi vurğulanıb.

Mixail Şvıdkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.