BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq var, imzalanmış anlaşma memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmaslar həyata keçirilir.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bunu martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini deyib.

Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.

Prezident Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib.

Xatırladaq ki, Bakıda Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə 2011-ci ildə keçirilib və daha sonra iki ildən bir təşkil edilib. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Dünya Mədəniyyətlərarası Dialoq Forumu 2019-cu ilin 2-3 may tarixlərində gerçəkləşib.