Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev 1873-cü il martın 10-da təməli qoyulan professional teatrımızın inkişaf yolu haqqında danışıb.

Sonra Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir. Rolları Qaçaq Qarayev, İntizar Quliyeva, Günel Hacıyeva, Asif Şirinov, Sehran Xanlarov, Sahilə Abbasova, Əli Hüseynov, Vüqar Babayev, Elçin Məmmədov, Zamin Quliyev, Emin Abışov, Vüsal Həsənov canlandırıblar.