Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də peşəkar milli teatrımızın yaranmasının 150 illiyi qeyd olunub. Bu münasibətilə martın 9-da muzeydə “Zamana qalib gələnlər” adlı tədbir keçirilib.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə birlikdə təşkil olunan tədbirdə səhnə sənətimizin keçdiyi zəngin yola nəzər salınıb.

Muzeydə qorunan səhnə sənətimizə dair eksponatlar üzərində aparılan bərpa işləri haqqında məlumat verilib, bərpa prosesi əyani olaraq nümayiş etdirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova mədəniyyət ocağına teatrsevərlər tərəfindən daim maraq göstərildiyini bildirib, Azərbaycan teatrının tarixi və inkişaf yolu haqqında danışıb.

Sonra ölkəmizdə səhnə sənətinin inkişafında böyük xidmətləri olan sənətkarların yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova və digər bərpaçı mütəxəssislər Dövlət Teatr Muzeyinin eksponatları üzərində aparılan işlərdən bəhs ediblər. Muzey əşyalarının bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən videoçarx təqdim edilib. Qonaqlar həmin eksponatlardan ibarət sərgi ilə də tanış olublar.

Tədbirdə daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova çıxış edib, teatrın aktyorlarının ifasında operettalardan parçalar nümayiş olunub.