Türkiyədə əsrin fəlakəti sayılan 6 fevral zəlzələlərinin qurbanlarının sayı 48 minə yaxınlaşır. Türkiyə Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın martın 11-də yaydığı məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 47 min 975 nəfərə çatıb. Dağıntılar altından hələ də bütün cəsədlər çıxarılmayıb.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraş vilayətində episentri Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündə 11 vilayətdə böyük dağıntı və tələfata səbəb olub. Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay və Elazığ vilayətlərində fövqəladə vəziyyət elan edilib.

Zəlzələ nəticəsində 6500-dən çox bina tamamilə dağılıb. Mütəxəssislər tərəfindən 11 vilayətdə 800 mindən çox tikilinin ciddi zərər gördüyü təsbit edilib və söküləcəyi bildirilir.

Zəlzələ zonasında 2 milyona yaxın insan ev-eşiyindən olub və müvəqqəti sığınma yerlərində – çadır və konteyner şəhərciklərində yerləşdirilib.

***

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi isə  martın 10-da başa çatıb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda bildirilir ki, zəlzələ baş verən gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.

Qeyd olunur ki, 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir. Xatırladaq ki, XİN-in bu mövzuda daha öncəki (17 fevral) açıqlamasında 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu bildirilmişdi.

***

Bu arada Türkiyədə zəlzələ bölgəsində könüllü kimi çalışan azərbaycanlı gənclər də vətənə yola düşüblər. Gənclər Fondundan bildirilib ki, bir ay müddətində ümumilikdə 150 könüllüdən ibarət Azərbaycan nümayəndə heyəti on minlərlə zərərçəkmiş müxtəlif dəstəkverici humanitar xidmətlər göstərib. Bu, Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi yadda qalacaq.

Kahramanmaraş şəhərindən yolasalma mərasimində iştirak edən Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndələri, yerli sakinlər Azərbaycan könüllülərinə minnətdarlıq ifadə ediblər. TÜGVA nümayəndələri bu müddət ərzində çiyin-çiyinə işlədikləri Azərbaycan könüllülərinin əsl qardaşlıq nümunəsi göstərdiklərini vurğulayıblar.

Məlumat üçün bildirək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.