Martın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 150, Naxçıvan teatrının 140 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bütün müsəlman Şərqində ilk dünyəvi, peşəkar teatr olan Azərbaycan teatrının yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən danışıb. Vurğulanıb ki, zəngin inkişaf yol keçmiş Azərbaycan teatrı ötən əsrin 70-ci illərində başlayaraq yeni bir mərhələyə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi qeyd olunub.

Bildirilib ki, son illərdə ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı mühüm işlər görülüb, dövlət tərəfindən göstərilən diqqət və qayğıdan muxtar respublikada fəaliyyət göstərən teatrlar da uğurla bəhrələnib. Ölkə başçısı Azərbaycan teatrının inkişafında özünəməxsus yerini, xalqımızın mədəni və ictimai həyatında mühüm rolunu nəzərə alaraq imzaladığı “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” sərəncam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan teatrına “Milli” status verilməsi haqqında qərarı göstərilən diqqətin bariz sübutudur.

Mədəniyyət naziri teatrın inkişafında əməyi olan bütün mədəniyyət, teatr xadimlərini, teatrsevərləri hər iki yubiley münasibətilə təbrik edib, bu sahədə çalışan insanlara yeni sənət uğurları arzulayıb.

Tədbirin bədii hissəsində şair-dramaturq Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub.

Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın quruluşçu rəssamı muxtar respublikanın Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmanqulu Əhmədovdur.

Səhnə əsərində Xalq artistləri Rza Xudiyev (Topal Teymur), Rövşən Hüseynov (Divanbəyi), Azərbaycan Respublikasının Əməkdar artistləri Nazlı Hüseynquliyeva (Dilşad), Əli Əliyev (Yıldırım Bəyazid), Vidadi Rəcəbli (Əli paşa), Behruz Haxverdiyev (Cücə), NMR-in Əməkdar artistləri Səməd Canbaxşiyev (şair Kirmani), Günay Qurbanova (Almaz) və digər aktyorlar obrazları canlandırıblar.

Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, görkəmli dramaturq Hüseyn Cavidin 1925-ci ildə qələmə aldığı “Topal Teymur” əsəri ilk dəfə 1926-ci ildə Bakıda səhnəyə qoyulub. Əsərdə iki böyük türk fatehi – Topal Teymur və Yıldırım Bəyazidin arasında baş verən hadisələrin fonunda Hüseyn Cavidin türkçülük, turançılıq ideyaları tamaşaçılara çatdırılır.