Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə bölgələrdəki sənət ocaqlarında da müxtəlif mərasimlər keçirilib, bu günün təkcə mədəniyyət salnaməsində deyil, ümumilikdə tariximizdə yerindən söz açılıb, səhnə əsərləri nümayiş olunub...

Sumqayıt Dövlət Dram Teatrı bayrama klassik nümunə ilə rəng qatıb. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında Əməkdar artist Namis Şirməmmədovun quruluşunda hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Nümayişdən sonra teatrın direktor müavini Əməkdar artist Vidadi Məmmədov, baş rejissor Xalq artisti  Firudin Məhərrəmov və digər çıxış edənlər milli teatrın inkişaf yoluna nəzər salıblar, korifeyləri xatırlayıb, ötənləri yada salıblar.

Lənkəran Dövlət Dram Teatrında da Milli Teatr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tamaşaçılar üçün “açıq qapı günü” təşkil olunub. Teatrın baş inzibatçısı Namiq Ağayev foyedə nümayiş etdirilən eksponatlar barədə məlumat verib. Teatrın direktoru səlahiyyətlərini icra edən İntiqam Hacılı, yazıçı-publisist  Hafiz Mirzə kollektivin son dövrlərdə qazandığı yaradıcılıq nailiyyətlərindən, Lənkəranda teatr sənətinin tarixindən söz açıblar. Tamaşaçılar teatrın qrim otaqları, əlbəsə sexləri ilə tanış olublar.

Sonra Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunub.

Şəki Dövlət Dram Teatrı da peşə bayramını Mədəniyyət Nazirliyinin “Teatrda bir gün”  layihəsinə əsasən “açıq qapı günü” ilə yaddaqalan etməyə çalışıb. Teatra gələnlərə gənc rejissor Elvin Nurinin quruluşunda Toyğun Orbayın "21:15 qatarı" pyesi əsasında  hazırlanan tamaşanın premyerası təqdim edilib.

Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə tədbir keçirilib. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev 1873-cü il martın 10-da təməli qoyulan professional teatrımızın inkişaf yolu haqqında danışıb. Sonra Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Qax Dövlət Kukla Teatrı balaca teatrsevərlərə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa təqdim edib. Teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanov sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə danışıb.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında da yaddaqalan tədbir keçirilib. Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan peşəkar milli teatrının tarixi və inkişaf yolundan danışıb. Qeyd edib ki, bu il Naxçıvan teatrının da 140 illiyi tamam olur.

Sonra teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan H.Cavidin “Topal Teymur” əsəri əsasında tamaşa nümayiş olunub.

Naxçıvan Dövlət Kukla Teatrının da bayram hədiyyəsi tamaşa olub. Muxtar respublikanın Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Keçinin qisası” tamaşası şəhid, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün göstərilib.

Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan “açıq qapı günü”ndə teatrın direktoru Əməkdar artist İntiqam Soltan, baş rejissor Vüsal Mehrəliyev, Xalq artisti Ella Yaqubova çıxış ediblər. Sonra aktyor Paşa Salmanovun ifasında mahnılar səslənib. Ardınca  İntiqam Soltanın  pyesi əsaslında hazırlanan “Keçəlin kələyi” tamaşası nümayiş olunub.  Teatrın bir neçə əməkdaşına təşəkkürnamə də təqdim olunub.

Salyan Dövlət Kukla Teatrında düzənlənən tədbir də ictimaiyyətin diqqətindən kənarda qalmayıb. Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri salyanlı kuklaçıları təbrikə gəliblər. Çıxış edənlər teatrın Salyanda və ətraf rayonlarda uşaqlarda teatra marağın artmasında rolundan söz açıblar. Tədbir İsi Məlikzadənin əsəri əsasında hazırlanan “Hərənin öz ulduzu” tamaşasının nümayişi ilə davam edib. Tamaşaçılar nümayişdən sonra səhnə arxasında yaradıcı heyətlə görüşüb, onları peşə bayramı münasibətilə təbrik ediblər.

Ağdam Dövlət Dram Teatrı bayramı Kənan Yusifoğlunun “Ölüm qatarı” tamaşası ilə qeyd edib. Nümayişdən sonra bir qrup teatr əməkdaşı fəxri fərmanla təltif edilib.

Milli Teatr Günü münasibətilə Qazax Dövlət Dram Teatrında rayon gəncləri üçün ekskursiya təşkil olunub. “SəhnədəSƏN” layihəsi çərçivəsində gerçəkləşən ekskursiya zamanı teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov gəncləri maraqlandıran suallara cavab verib. Kulis, qrim və rekvizit otaqları ilə də tanışlıq olub. Gənclər yekunda dramaturq Altay Məmmədovun “Yadındamı?” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər.

Bayram tədbirləri silsiləsinə Gəncə Dövlət Dram Teatrı da qoşulub. Teatr tamaşaçılar qarşısına bu dəfə M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ilə çıxıb. Tamaşadan sonra Gəncə teatrının inkişafında göstərdiyi səmərəli fəaliyyətinə görə Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova, Elxan Abbasov, aktyorlar Yusif Cəfərov, Emil Salmanov və aktrisa Zəminə Cəfərova diplomlarla təltif ediliblər.

Azərbaycan peşəkar milli teatrının 150 illik yubiley təntənəsi Qusar Dövlət Ləzgi Dram Teatrında da özünəməxsus şəkildə hiss olunub. Yubiley tədbirində çıxış edən teatrın direktoru Faiq Qardaşov sənətsevərləri bayram münasibətilə təbrik edib. Bildirib ki, xüsusən bölgələrdə teatrın inkişafına ən yaxşı dəstəkçi onların sadiq tamaşaçılarıdır. Tədbir repertuardakı tamaşalardan səhnəciklərlə davam edib.

Həmidə