10 mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Dövlət Kukla Teatrının truppası və teatrın nəzdindəki "Oyuq" teatr-studiyasının uşaq qrupu Zəngilan rayonunun Ağalı kəndində bədii proqramla çıxış ediblər.

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin təşəbbüsü ilə reallaşan tədbirdə Ağalı sakinlərinə peşəkar Azərbaycan milli teatrının tarixi, inkişaf yolu və hazırkı vəziyyəti barədə məlumat verilib.

Bildirilib ki, peşəkar teatr ənənələrinin qorunması və yaşadılmasında kukla teatrlarının, kuklaçılıq sənətinin də özünəməxsus yeri var. Bu mənada 91 illik peşəkar tarixə malik Azərbaycan Dövlət Kukla Teatrında yüzlərlə səhnə əsəri hazırlanıb, uşaq və yeniyetmələrin estetik zövqünün formalaşmasında böyük rol oynayıb.

 “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza təmsil etdiyi qurumun rəhbərliyi adından kuklaçılara təşəkkürünü bildirib. Deyib ki, teatrın yaradıcı heyəti artıq ikinci dəfədir Ağalıya gəlib və bu səfər sakinlərin, xüsusilə də uşaqların böyük sevincinə səbəb olub.

Teatrın quruluşçu rejissoru, studiyanın rəhbəri Səidə Haqverdiyeva teatrda “Azərbaycan teatrı – 150” layihəsi çərçivəsində silsilə tədbirlər planının hazırladığını və o layihələrdən birinin də məhz müxtəlif bölgələri əhatə edəcək səyyar tamaşalar həftəsi olduğunu deyib. Bildirib ki, bu marafonun işğaldan azad olunmuş Zəngilan torpağında, abad Ağalı kəndində başlamasının böyük əhəmiyyəti var. Teatrın təmsilçisi yaradıcı heyətin bundan sonra mütəmadi olaraq Ağalı sakinlərinin görüşünə gələcəyini deyib.

Sonra yaradıcı heyət Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşasını təqdim edib.

Qarabağ koloritli məişət mövzulu musiqili tamaşa Ağalı sakinləri tərəfindən maraqla qarşılanıb.

Bayram tədbiri “Oyuq”çuların “Can Qarabağ” adlı rəngarəng konsert proqramı ilə davam edib.

Sonda Ağalı kənd orta məktəbinin şagirdlərinə teatrın hədiyyələri paylanılıb.