Bölgələrdəki mədəniyyət müəssisələrində 10 mart – Milli Teatr Günü ilə bağlı müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə 150 illiyi dövlət səviyyəsində qeyd olunan Azərbaycan peşəkar milli teatrının inkişaf yoluna nəzər salınıb.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Teatr və zaman" adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycanda milli teatrın yaranması, inkişafı və mədəni həyatımızda mühüm rol oynadığını diqqətə çatdırıblar.

***

Sabirabad rayon Mədəniyyət Mərkəzində Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib. Çıxışlardan sonra mərkəzdə fəaliyyət göstərən Adil İsgəndərov adına Xalq teatrının quruluşunda oynanılan tamaşaların şəkillərindən ibarət videoçarx nümayiş olunub.

Şirvan şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirin əvvəlində mərkəzdə səhnələşdirilmiş tamaşaların fraqmentlərindən ibarət videoçarx nümayiş etdirilib. Daha sonra mərkəzin aktyor heyətinin ifasında səhnəciklər nümayiş olunub.

***

Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində "Məxmər pərdələr arxasında" adlı tədbir təşkil olunub. Mərkəzdə fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq teatrı aktyorlarının ifasında Əhməd Orucoğlunun "Qayınana əməliyyatı" komediyasından bir səhnə nümayiş etdirilib.

***

Masallı rayon Mərkəzi Kitabxanasında Milli Teatr Günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan teatrının tarixi və inkişaf yolu haqqında məlumat verilib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə sənət adamlarına yüksək diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü”nün təsis edilməsi teatr sənətinə xüsusi önəm verilməsinin göstəricisidir.