Martın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Heydər Əliyev Muzeyində davam edən tədbirdə muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətimizin inkişafını diqqətdə saxladığını bildirib. Qeyd olunub ki, Ümmumilli lider Azərbaycan dilinin, milli teatrın, kinonun, heykəltəraşlıq və rəssamlığın, xalçaçılığın, muzeylərin və kitabxanaların inkişafı sahəsində mühüm addımlar atılıb. Bu gün əsası Ulu öndər tərəfindən qoyulmuş mədəniyyətimizin himayədarı olmaq missiyası dahi rəhbərin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə müvafiq olaraq çox uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, dahi siyasətçinin adı ilə şərəflənən 2023-cü ildə NMR-in Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif tədbirlər keçiriləcək.

Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Xalq artisti Rza Xudiyev “Heydər Əliyev və Azərbaycan teatrı”, Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Heydər Əliyev və muzeylərimiz”, Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Əhmədov “Heydər Əliyev və Azərbaycan musiqisi”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov “Heydər Əliyev və Azərbaycan kinosu” mövzularında çıxış ediblər.

Sonda tədbir iştirakçıları “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” filmini izləyiblər.