Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu uşaq və gənclər arasında (16 yaşadək) “Türkiyə uşaqlarına sevgi ilə” adlı sənət aksiyası elan edib.

Fonddan bildirilib ki, layihə Türkiyədə baş vermiş zəlzələlərdən zərər çəkmiş uşaqlara dəstək məqsədilə həyata keçirilir. Sənət aksiyası Türkiyənin və müxtəlif ölkələrin uşaq və yeniyetmələrinin həmrəylik düşüncəsini təşviq etmək məramı daşıyır.

İştirak etmək istəyənlər təbii fəlakətdən sonrakı bu çətin zamanda Türkiyə uşaqlarına sevgi, dostluq, dəstək və həmrəylik əks etdirən rəsmlərini təqdim edə bilərlər. Əsərlərin qiymətləndirilməsində əsas meyarlar – fərdi müəllif yanaşması, eləcə də mövzunun dərinliyinin bədii həllidir.

Rəsmlər 10 aprel 2023-cü il tarixinədək qəbul olunur. İştirakçı ərizəsi (iştirakçının adı, soyadı; yaşadığı ölkə və şəhər; təvəllüdü; rəsmin adı və qısa təsviri; illüstrasiya texnikası; müəllifin əlaqə məlumatları) və çəkilmiş rəsmin yüksək keyfiyyətli fotoşəkili e.tanaguzova@itchf.org elektron poçt ünvanına göndərilməlidir. Eyni zamanda, rəsmin əsli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahına  (A.Bakıxanov küçəsi, 73A, AZ1007, Bakı, Azərbaycan) göndərilməlidir.

Seçilmiş rəsmlər kataloq şəklində nəşr olunacaq, eləcə də Türkiyədə zəlzələdən əziyyət çəkən uşaqlara təqdim ediləcək. Layihənin bütün iştirakçıları Fondun sertifikatları ilə təltif olunacaqlar.