Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisində Kür çayında suyun azalması nəticəsində yatağın sol sahilində qədim maddi mədəniyyət nümunələri aşkar edilib.

Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, maddi mədəniyyət nümunələri Neftçala rayon Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova tərəfindən aşkar olunub və hazırda həmin məktəbdə saxlanılır.

9-11 mart tarixlərdə institutun əməkdaşları rayona ezam ediliblər. Ərazidə aparılan tədqiqatlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə mütəxəssisi də iştirak edib.

Heyət məktəbdə saxlanılan materiallarla tanış olub və Kürün yatağının həmin hissəsinə baxış keçirib. Kəndin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı müəyyən olunub ki, Kür çayının çəkilməsi nəticəsində çayın birbaşa yataq hissəsindən məişət qabları (əksəriyyəti dağılmış vəziyyətdə) aşkar edilib. Arxeoloji materialların təhlilindən görünür ki, bu ərazidə Orta əsrlərdən bu günədək yaşayış yeri mövcud olub.

Cəngan kənd tam orta məktəbində saxlanılan materialların bir qismi aktlaşdırılaraq tədqiq olunması üçün Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, digər qismi isə Neftçala Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.