Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş “Mahnılarda yaşayan ömür” adlı tədbir təşkil edilib.

Məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Nərgiz Kərimova video-slaydlar vasitəsilə bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bədii hissədə Mərkəzi İncəsənət Məktəbi şagirdlərindən ibarət kamera ansamblı (bədii rəhbər məktəbin müəllimi Nigar Cavadova) və qanunçalanlar ansamblının (bədii rəhbər Bəturə Əhmədova) ifasında bəstəkarın əsərlərindən ibarət maraqlı proqram təqdim edilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, paytaxtdakı musiqi məktəblərinin direktorları, eləcə də bəstəkarın qohumu Gülnarə Musabəyova tədbirdə qonaq qismində iştirak ediblər. Qonaqlar tədbirin təşkilatçılarına, həmçinin gözəl ifalara görə müəllim və şagirdlərə təşəkkürünü bildiriblər. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə bəstəkarın not kitabı təqdim edilib.