Xəbər verdiyimiz kimi, Nyu-York şəhərindəki “Carnegie Hall” mərkəzinin “Weill” konsert salonunda VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və assosiasiyanın nəzdindəki Təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovun birgə təşkilatçılığı ilə gerçəkləşən müsabiqə bu il müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illiyinə həsr edilib.

Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyev adına “Florida Keys” müsabiqəsi 2017-ci ildən etibarən keçirilir. Müsabiqənin önəmli tərəflərindən biri Azərbaycan musiqisinin əcnəbi musiqiçilər tərəfindən ifa edilməsidir.

Müsabiqədə pianoçu Jude Fradillada bəstəkar Cahangir Zülfüqarovun fortepiano üçün “Ağ alma” və “Sarı gəlin” musiqi fantaziyalarını ifa edib. Münsiflər heyətinin qərarı ilə pianoçu “Sarı gəlin” musiqi fantaziyasının ifasına görə diplomla təltif olunub.