Prezident İlham Əliyev Talış kəndində Novruz tonqalını alovlandırıb...

 

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.

Prezident İlham Əliyev bu sözləri martın 18-də Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndindən Azərbaycan xalqına müraciətində deyib.

Xatırladaq ki, Talış kəndi Vətən müharibəsində, 2020-ci ilin 3 oktyabrında Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarından azad edilib. Ötən müddətdə kənddə tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. 2023-cü il martın 16-da “Böyük Qayıdış” proqramı çərçivəsində Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Suqovuşan su anbarının və magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də tanışlıq olub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, kəndin baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

İlham Əliyev Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Klub icma mərkəzində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva Tərtər rayonunun Talış kəndindən paylaşım edib. Paylaşımda deyilir: “Talış kəndində Novruz tonqalı! Təbrik edirəm!!!”.