Xalqımızın ən qədim bayramı olan Novruzu dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da qeyd ediblər. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra artıq üçüncü ildir dünya azərbaycanlıları əziz bayramı xüsusilə yüksək əhvalda qarsalayırlar.

Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində Novruz bayramı şənliyi keçirilib.

Mərasimdə əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman Azərbaycan övladlarının, eləcə də qardaş Türkiyədə dağıdıcı zəlzələdən həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BAK sədri Elsevər Məmmədov, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı, Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresində Cənubi Azərbaycan üzrə təmsilçi Araz Ataxan təbrik sözlərini söyləyib, bayramla bağlı düşüncələrini bölüşüblər.

Şənlik BAK-ın nəzdində fəaliyyət göstərən Rotterdam həftəsonu “Ana dili məktəbi və “Körpə fidanlar” musiqili teatr qrupunun təşkil etdiyi proqramla davam edib.

***

İsveçdə fəaliyyət göstərən SAF İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə konsert keçirilib.

Dərnəyin sədri Sevda Dadaşova, Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşı Nail Qocayev iştirakçıları təbrik ediblər.

Konsert proqramında Azərbaycandan gələn musiqiçilər – Cəmalə Alan-Berk və Anar Rüstəmov sevilən mahnıları ifa ediblər. Dərnəyin uşaqlardan ibarət “Qarabağ” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri də tədbirə rəng qatıb. Konsertdə türk musiqiçilər də çıxış ediblər.

***

Azərbaycanın Vyetnamdakı Səfirliyi paytaxt Hanoyda bu ölkənin rəsmiləri, ictimaiyyət nümayəndələri, xarici diplomatik korpusun təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və soydaşlarımızın iştirakı ilə Novruz şənliyi təşkil edib.

Səfir Şövqi Mehdizadə, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Ti Vin təbrik sözləri söyləyiblər. Danq Ti Vin vaxtilə Azərbaycanda təhsil almış vyetnamlıların ölkəmizə xoş hisslər bəslədiklərini, tələbəlik illərində onlara göstərilən qonaqpərvərliyi və qayğıkeşliyi unutmadıqlarını vurğulayıb.

Vyetnam Milli Musiqi Akademiyasının musiqiçilərinin ifasında Azərbaycan və Vyetnam mahnıları səslənib. Ötən əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsində təhsil almış və hazırda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəal üzvü olan xanım Danq Lanq Anhın ifasında Telman Hacıyevin “Tələbə” mahnısı” (söz: Cabir Novruz) alqışlarla qarşılanıb.

Tədbirə xüsusi dəvət olunmuş əslən azərbaycanlı aşpaz, Dünya Barbekü Kulinariya Assosiasiyasının vitse-prezidenti David İsrafilov Azərbaycan mətbəxinin sevilən yeməklərinin təqdimatını keçirib.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Turizm Agentliyinin videoçarxları nümayiş olunub, ingilis və Vyetnam dilində “Azərbaycan mətbəxi” kitabları təqdim edilib.