Aprelin 4-dən 6-dək Bakı Ekspo Mərkəzində pandemiya ilə bağlı yaranan üçillik fasilədən sonra növbəti – 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (“AITF – 2023”) keçiriləcək. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Şirkətin yaydığı məlumata görə, ata öı ənənəvi olaraq müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir. “AITF – 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək imkanı yaradan bir platforma olacaq.

Sərgiyə Azərbaycanla yanaşı Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və başqa ölkələrdən şirkətlər də qatılacaq. Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edəcəklər. Bundan əlavə, Bolqarıstan sərginin baş sponsoru, Özbəkistan isə tərəfdaş ölkəsi kimi çıxış edəcək.

Sərgi çərçivəsində panel müzakirələr aparılacaq, ikitərəfli B2B görüşlər keçiriləcək. Həmçinin təhsil turizmi, xaricdə əmlak, idman turizmi, turizmdə İT texnologiyaları, ovçuluq və balıqçılıq, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səfirliklər, səyahət agentlikləri və turoperatorlar və s. kimi bir sıra sektorlar nümayiş olunacaq.