Tbilisidə Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevin sərgisi açılıb
Aprelin 12-də Tbilisidəki Dmitri Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi açılıb.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Açılışdan öncə qalereyada sərgi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında müəllifin yaradıcılığı barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi rəssamın 60 illik müddət ərzində ərsəyə gətirdiyi yaradıcılığının yalnız bir hissəsini əhatə edir.
Akademik, Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani deyib ki, Çingiz Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir.
Ç.Fərzəliyev sərginin təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Bildirib ki, sərginin “Zamanın pillələri ilə” adlandırılması da təsadüfi deyil: “Biz son onilliklər ərzində bir çox dəyişikliklərin şahidi olduq. Bu hadisələr içərisində qürur duyacağımız və kədərləndirici hadisələr olub. Sərgidə də həmin dəyişiklikləri əks etdirən əsərlər təqdim edilir”.
Sərginin açılış mərasimində Azərbaycanın Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, xarici işlər nazirinin müavini Xatuna Torturadze, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və mədəniyyət xadimləri iştirak ediblər.
Milli Qalereyanın direktor müavini Nika Axalbedaşvili çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, sərginin iki ölkə arasındakı mədəni əlaqələrə töhfə olduğunu bildirib.
Səfir Faiq Quliyev ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin bütün istiqamətlərdə, eləcə də mədəniyyət sahəsində inkişafında Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Diplomat Heydər Əliyev Fondunun Gürcüstanda reallaşdırdığı layihələrin əhəmiyyətindən də söz açıb.
Fərhad Xəlilov, Kaxa Sixarulidze, Xatuna Tortuadze və digər çıxış edənlər Ç.Fərzəliyevin yaradıcılığından söz açıb, Azərbaycanda və Gürcüstanda qarşılıqlı olaraq bu cür sərgilərin təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.
Bildirilib ki, sərgidə rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi 50-yə yaxın əl işi nümayiş etdirilir.
“Zamanın pillələri ilə” sərgisi çərçivəsində Gürcüstanda nəşr olunan sərgiyə dair kataloq təqdim edilib.
Sərgidə, həmçinin Çingiz Fərzəliyevin müəllifi olduğu kitab və albomlar da nümayiş etdirilir. Sərginin kuratorları Çingiz Fərzəliyev, Könül Rəfiyeva və Məryəm Dvalidir.
Sərgi mayın 10-dək ziyarətçilər üçün açıq qalacaq.
Onu da qeyd edək ki, Tbilisidəki Milli Qalereyanın adını daşıdığı Dmitri Şevardnadze (1885-1937) Gürcüstanın tanınmış rəssamıdır. Repressiya qurbanı olub. Gürcüstanın keçmiş rəhbəri Eduard Şevardnadze rəssamın qardaşı nəvəsidir.