Xəbər verdiyimiz kimi, Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi əsasında Daşkənddə “Şuşa Günləri” (11-12 aprel) keçirilib.

Layihə çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü Gülnarə Xəlilovanın “Qarabağ” adlı kolleksiyası da maraqla qarşılanıb. Geyimləri Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri təqdim ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMM-in direktoru Samir Abbasov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı İqbal Mirzə və digər çıxış edənlər Azərbaycan-Özbəkistan dostluq əlaqələrindən bəhs edib, “Şuşa Günləri”nin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə iki ölkə sənətçilərinin iştirakı ilə konsert proqramı da təqdim olunub.