“Bu kitab, əslində, Azərbaycan ədəbiyyatının söz dünyasıdır”

 

Aprelin 17-də Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş tədbir və yazıçının Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilən çoxcildlik “Söz dünyası” kitabının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə Anarın təkcə Azərbaycan ədəbiyyatının deyil, Türk dünyası ədəbiyyatının canlı klassiki olduğunu vurğulayıb, yazıçını bu günlərdə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin bildirib ki, 1960-cı ildə Anarın hekayələri çap olunduğu vaxtdan yazdığı əsərlər ona böyük şöhrət gətirib. O, 85 yaşa çatsa da, öz yaradıcılığını daim uğurla inkişaf etdirir: “85 rəqəminin fəlsəfi mənası var. Bir tərəfdən insanın surətindən xəbər verirsə, digər tərəfdən yaşanmış həyatı ifadə edir. Anar bu illəri şərəflə yaşayıb. Bu yaşda olsa da, gənclik enerjisini özündə saxlayıb. Dostum Anara sağlıqlı, uzun ömür arzulayıram”.

AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edib ki, Xalq yazıçıları Anarın və Elçinin ədəbiyyatımızın inkişafında danılmaz rolu var. Onlar ədəbiyyatımızda 60-cılar nəslinin görkəmli nümayəndələri kimi yeni mərhələ yaradıblar. Anarın “Nəsrin fəzası” əsərini 60-cı illər ədəbiyyatının manifesti hesab etmək olar. Onun professionallığı ilə novatorluğu bir-birini tamamlayır.

İ.Həbibbəyli bildirib ki, Anarın dram əsərləri də çox fərqlidir, onun ssenarist-dramaturq kimi də zəngin yaradıcılığı var.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Anar kimi canlı klassiklərin qarşısında ancaq öz müasirləri söz deyə bilər. Anar hər yaşın yazıçısıdır. Mədəniyyət Nazirliyi onun yaradıcılığını diqqətdə saxlayır. Anarın çoxcildlik “Söz dünyası” kitabının nazirliyin dəstəyi ilə nəşr edilməsi də bu münasibətin ifadəsidir.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, “Söz dünyası” kitabında Anar öz yaradıcılıq dostları haqqında sözünü ədalətlə ifadə edib. Bu kitab, əslində, Azərbaycan ədəbiyyatının söz dünyasıdır. Anar həm də filosof, ədəbiyyatşünasdır, bu, böyük istedadın, zəhmətin göstəricisidir. S.Rüstəmxanlı Anar haqqında yazdığı şeiri də oxuyub.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Anar ziyalı, intellektual yazıçıdır. O, xalqın milli-mənəvi dəyərlərini ədəbiyyatda müəyyənləşdirib. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində bir sıra üzdəniraq “yazıçılar” Yazıçılar İttifaqını dağıtmaq istəyirdilər, o zaman Anar nüfuzundan istifadə edərək bu təşkilatı qoruyub saxladı.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev 35 ildir Anarla bir yerdə çalışmasından məmnunluğunu ifadə edib, ona cansağlığı arzulayıb.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Anarın ictimai-ədəbi fəaliyyətini 35 ildir izlədiyini söyləyib: “O, həmişə məclislərin arzuolunan qonağı olub, Anarın ictimaiyyət arasında böyük hörməti var və onun yaradıcılığı çoxşaxəlidir. Anar beynəlxalq aləmə çıxan bir yazıçımızdır. Böyük ədəbiyyatşünas, ssenarist, rejissor və folklorşünasdır...”.

Xalq şairi Ramiz Rövşən Anarın 1967-ci ildə çap olunan “Ağ liman” romanının o zamanların ən oxunaqlı kitabı olduğunu söyləyib: “Bu, 60-cı illərin simvolu olan bir əsərdir. Anar əsri-əsrə, nəsli-nəslə calayan, ədəbiyyat üçün çox işlər görən yazıçıdır, bizim milli yaddaşımızın ən böyük bərpaçılarındandır”.

Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası təqdim edilib.

Sonda Xalq yazıçısı Anar çıxış edərək Milli Kitabxananın rəhbərliyinə və çıxış edən hər kəsə dərin təşəkkürünü bildirib: “Biz əgər bu yaşa çatmışıqsa, deməli, bizim müəyyən bir missiyamız var. Biz dünyadan köçən dostlarımızın da yaradıcılığını yaşatmalıyıq və nə qədər ömrüm varsa, bu işi görməyə çalışacağam”.

Anar çıxışı zamanı Heydər Əliyevin onun yaradıcılığına göstərdiyi diqqət və qayğıdan da söz açaraq 100 illik yubileyi ərəfəsində Ulu öndərə Tanrıdan rəhmət dilədiyini bildirib.