Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının (28 aprel) 100 illiyi münasibətilə şəhər və rayonlarda müxtəlif tədbirlər keçirilib.

Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Tədbir Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında təqdim olunan bədii proqramla davam edib.

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir təşkil edib.

Xocalı rayon Kosalar kənd Mədəniyyət evi və rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Nurlu sima” adlı tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın yubileyinə həsr olunmuş “İşıq mücəssəməli ömür” adlı tədbir keçirilib.

Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib. Bildirilib ki, Zərifə Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Zaqatala Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. Sonra Zərifə Əliyevaya həsr olunan film nümayiş etdirilib.

Ağsu rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Dünya şöhrətli alim, nurlu insan” mövzusunda tədbir keçirilib. Oftalmoloq-alim haqqında sənədli film və “Zərifə Əliyeva – 100” başlıqlı kitab sərgisi nümayiş olunub.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etməsindən, yüksəkixtisaslı kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində xüsusi diqqətindən, zəngin mənəviyyata sahib mənalı ömür yolundan söz açıblar.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Akademik Zərifə Əliyeva – 100” adlı fotosərgi və qalereyanın dərnək üzvlərinin rəsmlərindən ibarət sərgi keçirilib.

Şəmkir rayon Heydər Əliyev Mərkəzi və şəhər M.Füzuli adına tam orta məktəb-liseyinin birgə təşəbbüsü ilə “Zərifə Əliyeva – 100” adlı kitab sərgisi keçirilib.

Zərifə Əliyevanın 100 illiyi münasibətilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı film nümayiş etdirilib.

N.Məmmədli