Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitab işıq üzü görüb

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən İlham Əliyevə” monoqrafiyası nəşr edilib. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə ithaf olunan nəşr institutun Elmi şurasının qərarı ilə çap edilib.

Kitabda Heydər Əliyevin bədii ədəbiyyatda parlaq obrazının yaradılması, müstəqil dövlətçilik ideallarının tərənnümü məsələlərindən bəhs olunur.

Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktor AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktor filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda akademik İsa Həbibbəylinin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktorları, dosentlər – Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru: müasir nəsrdə Heydər Əliyev obrazı (bədii-sənədli nəsr və publisistika)”, Aygün Bağırlının “Uşaq ədəbiyyatında və dramaturgiyada Heydər Əliyevin bədii obrazı”, Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” və filologiya elmləri doktoru Elnarə Akimovanın “Vətən və dövlət məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” məqalələri yer alıb.

460 səhifədən ibarət monoqrafiya “Elm” nəşriyyatında işıq üzü görüb.