Mayın 10-da xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin (1923-2003) anadan olmasının 100 illiyi tamam olur.

Vətən və xalq qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, siyasi irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlib.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işləri və həyata keçirilən uzaqgörən siyasətin mayasında, qayəsində Ulu öndərimizin Azərbaycan Respublikasına rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin parlaq gələcəyi uğrunda ideyaları, əsaslandırılmış konsepsiyası dayanır.

Ulu öndərimizin əlamətdar yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ümummilli lider Heydər Əliyev – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Ulu öndər haqqında görkəmli şəxslərin fikirləri, haqqında materiallar, fotolar, Heydər Əliyev irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu barədə kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm linkindən istifadə edə bilərlər.