Beynəlxalq Muzeylər Günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək

 

Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (İnternational Museum Day) kimi qeyd olunur. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İCOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Hər il dünyada müəyyən bir deviz altında qeyd olunan Beynəlxalq Muzeylər Günü bu il “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilir. Bu deviz vətəndaş cəmiyyətinin bütün üzvlərini bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişafı və rifahı üçün malik olduğu bütün imkanlardan istifadə etməyə çağırır.

Əlamətdar günlə bağlı paytaxtımızın aparıcı muzeylərində bir sıra tədbirlər keçiriləcək.

***

Mayın 16-da Azərbaycan İstiqlal Muzeyində "Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı" adlı elmi-praktik konfrans keçiriləcək. "Ümummilli lider Heydər Əliyev xatirələrdə" adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Heydər Əliyevlə bağlı xatirələrini bölüşəcək.

Mayın 18-də isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Konsertdə Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Bülbülün Memorial Muzeyinin birgə təşkilatçılığı ilə “Təbiətin musiqisi” adlı tədbir (18 may) keçiriləcək. Çıxışlardan sonra Qədim musiqi lətləri ansamblı (bədii rəhbər və konsertmeyster – Xalq artisti Munis Şərifov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Təbiətin musiqisi” adlı konsert proqramı təqdim olunacaq.

***

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Bir günəşin altında!” adlı tədbir keçiriləcək. Mayın 18-də gerçəkləşəcək tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Tədbir çərçivəsində musiqili proqram təqdim ediləcək.

***

Milli Azərbaycan Tarixi Muzeyində əlamətdar gündə “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.

Nurəddin