Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bülbülün Memorial Muzeyi ilə birgə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Təbiətin musiqisi” adlı tədbir keçirilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Bülbülün Memorial Muzeyinin müdiri Fərqanə Cabbarova çıxış edərək bu il əlamətdar günün mövzusu “Muzeylər, dayanıqlılıq və rifah” olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, muzeylər həm də cəmiyyətin rifahı və dayanıqlı inkişafın, sosial həyatın bir göstəricisi olan mədəni məkanlardır.

Tədbir konsert proqramı ilə davam edib. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri – Heydər Əliyev adına IV Respublika müsabiqəsinin qalibləri və R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin ifaları maraqla qarşılanıb.