Bu il “Muzeylər, dayanıqlılıq və rifah” devizi altında keçirilən 18 may – Beynəlxalq Muzeylər Günü regional mədəniyyət idarələrinin tabe müəssisələri tərəfindən müxtəlif tədbirlərlə qeyd olunub.

Sabirabad rayon Qaralar kənd və M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Muzeylərimiz maddi mədəni sərvətimizdir" adlı tədbir keçirilib. Tədbirdə "Heydər Əliyev və muzeylərimiz" adlı sənədli film nümayiş etdirilib.

***

İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Ulu öndərin muzey sahəsinin inkişafına göstərdiyi qayğıdan bəhs olunub. Sonda iştirakçılar muzeylər haqqında videoçarxı izləyiblər.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib. Uşaqlar eksponatlarla tanış olub, onlara rayon ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş tariximizi əks etdirən maddi mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.

***

Bərdə RMİ-nin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Çıxışlarda Ulu öndər Heydər Əliyevin muzeylərin inkişafındakı müstəsna xidmətləri barədə məlumat verilib. Vurğulanıb ki, bu missiya hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yerli incəsənət ustalarının iştirakı ilə təqdim olunan konsert proqramı maraqla qarşılanıb.

***

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində "Heydər Əliyev və muzeylərimiz" adlı tədbir keçirilib. Qeyd olunub ki, Ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib. 1994-cü ildə isə NK tərəfindən “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib.

***

Şəkidə fəaliyyət göstərən ev-muzeylərin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Ulu öndərin muzeylərə verdiyi dəyər” adlı konfrans keçirilib. Konfransda "Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda muzey işində yeni mərhələnin əsasının qoyulması” mövzusu ətrafında mühazirələr dinlənilib.

Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olduğu, muzey işinin inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı qeyd olunub.

***

Kürdəmir RMİ-nin tabeliyində olan muzeylərdə Beynəlxalq Muzeylər Günü münasibəti ilə tədbirlər keçirilib. İdarə rəisi Faiq Xudanlı Kürdəmir, İmişli və Füzuli rayonlarındakı Tarix-Diyarşünaslıq muzeylərində keçirilən tədbirlərdə iştirak edərək muzey əməkdaşlarını bayram münasibətilə təbrik edib.

***

Ağdaş Tarix-Diyarşünaslıq Muzeyi və Maqsud Şeyxzadənin Ev-Muzeyinin birgə əməkdaşlığı, rayon Mədəniyyət Mərkəzi və Ağdaş Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət Mərkəzinin əməkdaşları və məktəblilər musiqi nömrələri ifa edib, şeirlər səsləndiriblər.

Göyçay Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Göyçay Mədəniyyət Mərkəzi əməkdaşlarının iştirakı ilə konsert proqramı təqdim olunub, məktəblilərin və məktəbəqədər müəssisələrin körpə fidanlarının ifasında vətənpərvərlik şeirləri səsləndirilib.

***

Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi "Açıq səma altında" adlı sərgi və məktəblilərin muzeyə ekskursiyasını təşkil edib.

***

Masallı rayon MKS-nin Güllütəpə kənd kitabxana filialının təşkilatçılığı ilə Əmirtürbə kənd tam orta məktəbinin şagirdləri Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. Məktəblilərə eksponatlar haqqında məlumat verilib.

***

Ağstafa Tarix-Diyarşünaslıq Muzeyində "Hər muzey bir abidədir" başlığı altında tədbir keçirilib. Tədbirdə uşaq bağçalarının fidanları və məktəblilər iştirak ediblər.

Tovuz Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar tədbir keçirilib, ekskursiya təşkil olunub və həmçinin açıq havada sərgi nümayiş olunub.

***

Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə “Hər muzey bir tarixdir” adlı tədbir təşkil edib. Məktəblilər “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” adlı videoçarxı izləyiblər.

Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimlər, şagird kollektivi və sakinlər rayonun Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.

***

Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzeydə keçirilən tədbirdə Naxçıvan MR mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək bildirib ki, ölkəmizdə muzey sahəsinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, dövlətimizin qayğısı sayəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahənin hüquqi bazası formalaşıb, maddi-texniki vəziyyəti yaxşılaşdırılıb. Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Heydər Əliyev Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin “Heydər Əliyev və muzeylərimiz” mövzusunda çıxışı dinlənilib.

Naxçıvan Dövlət Universitetinin kafedra müdiri tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev muxtar respublikada muzeyşünaslıq ixtisası üzrə kadr hazırlığı barədə məlumat verib.

Hazırladı: N.Məmmədli