Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AMM-in böyük konsert zalında təşkil olunan tədbirdə mərkəzin direktoru Samir Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Özbəkistanın Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövləti və xalqı, eləcə də Türk dünyası qarşısında müstəsna xidmətlərindən söz açılıb, bu tarixi fəaliyyətin geniş miqyasda təbliğinin zəruriliyi vurğulanıb. Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafında rolundan söz açılıb. Ulu öndərin xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqət göstərdiyi, Azərbaycan diasporunun məhz onun hakimiyyəti illərində formalaşdığı vurğulanıb.

Rustambek Qurbanov Heydər Əliyevin 100 illik yubileyinin Özbəkistanda da qeyd olunduğunu və bununla əlaqədar hökumət səviyyəsində tədbirlər planının təsdiq edildiyini deyib.

Çıxışlardan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi ilə hazırlanmış və Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbir musiqili proqramla davam edib. Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin (bədii rəhbər Özbəkistanın Əməkdar artisti Firuzə Abdurahimova) Heydər Əliyevin 100 illiyi münasibətilə təqdim etdiyi dostluq konsertində Azərbaycan bəstəkarlarının mahnıları, habelə xalq mahnılarımız səsləndirilib.