Dünyaca məşhur amerikalı müğənni Tina Terner (Turner) mayın 24-də, ömrünün 84-cü ilində İsveçrədə vəfat edib. 2013-cü ildə bu ölkənin vətəndaşlığını qəbul edən müğənni Sürix kantonunda yaşayırdı.

Əsl adı Anna Mey Bullok (Anna Mae Bullock) olan müğənni 1939-cu il noyabrın 26-da ABŞ-də, Tennesi ştatında anadan olub. İlk vaxtlar gecə klublarında müğənni kimi çıxış edib. Sonra gələcək həyat yoldaşı gitaraçı İka Terner (Ike Wister Turner) onu peşəkar səhnəyə gətirib. Həyat yoldaşının soyadını götürən və adını da Tina olaraq dəyişən ifaçı “Ike and Tina Turner Revue” qrupunda məşhurlaşır.

16 illik evliliyin son dövrləri cütlük üçün məyus keçsə də müğənni Ternerdən ayrıldıqdan (1978) sonra onun soyadından imtina etməyib. Çünki musiqi aləmi onu artıq belə tanıyırdı. 80-ci illərdə solo ifaçı kimi səhnəyə qayıdan müğənni musiqi albomları ilə dünya şöhrəti qazanır.

İfaçılıq temperamentinə və səhnə ekspressivliyinə görə ona “Rok-n-rolun kraliçası” adı verilmişdi. Albomları milyonlarla tirajla yayılan Tina Ternerin 1988-ci ilin 16 yanvarında Braziliyanın “Marakana” stadionunda verdiyi konsertə 188 min nəfər bilet alaraq gəlmişdi və müğənni bununla “Ginnesin rekordlar kitabı”na düşdü.

Səkkiz dəfə Amerika Səsyazma Akademiyasını “Qremmi” mükafatına layiq görülən Tina Terner alman prodüser Ervin Baxla ailə qurduqdan sonra İsveçrəyə köçüb, 2013-cü ildə ABŞ vətəndaşlığından çıxaraq bu ölkədə vətəndaşlıq alıb. Müğənninin ömrünün son illəri ağır xəstəliklərlə (insult, xərçəng) mübarizədə keçib.

V.Kamal