Mayın 30-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və İsrail Dövlətinin birinci xanımı Mixal Hersoq Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.

Ziyarət zamanı kompleks və Qala kəndinin qədim tarixi barədə məlumat verilib.

Bildirilib ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. Muzey kompleksinin ərazisində ölkəmizə, xüsusilə də Qala kəndinə və Abşeron yarımadasına xas arxeoloji memarlıq abidələri toplanıb və bərpa olunub. Burada qədim yaşayış məskənləri, kurqanlar, digər memarlıq abidələri ilkin görkəmində olduğu kimi nümayiş etdirilir.

Qonağa Azərbaycanın ənənəvi sənət növləri olan dulusçuluq, dəmirçilik, xalçaçılıq və ipəkçilik barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, keçmişdə Qala kəndində bir sıra sənət sahələri inkişaf edib. Bu ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilən saxsı məmulatlar da bədii cəhətdən çox maraqlıdır.

Xanım Mixal Hersoq kompleksdəki “Toy evi”, “Tacir evi” ilə də maraqla tanış olub. Diqqətə çatdırılıb ki, Qala kəndinin sakinləri qədim zamanlardan heyvandarlıqla da məşğul olublar. Qala kəndində taxılçılığın çox geniş inkişaf etdiyi barədə məlumat verilib, əl dəyirmanı vasitəsilə unun hazırlanması prosesi nümayiş olunub.

Komplekslə tanışlıqdan sonra Azərbaycanın və İsrailin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər.