Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1990-cı il 21 yanvar

 

Sovet ordu hissələrinin Bakıda törətdiyi qırğının ertəsi günü Heydər Əliyev Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqının üzləşdiyi faciə ilə əlaqədar bəyanat verib.

 

1990-cı il iyun

 

“Ulduz” jurnalının 6-cı nömrəsində Heydər Əliyevin Moskvada jurnalist Elmira Əhmədovaya (Əmrahqızı) verdiyi müsahibə dərc olunub.

 

1990-cı il 20 iyul

 

Heydər Əliyev yeddi ildən artıq yaşadığı Moskvadan Azərbaycana qayıdıb. O vaxt respublikaya rəhbərlik edənlərin (Ayaz Mütəllibov və ətrafı) Heydər Əliyevə qarşı siyasi qısqanclığı ona Bakıda qalmağa imkan vermədi və o, bir gün sonra Naxçıvana getdi.

 

1990-cı il 22 iyul

 

Naxçıvan şəhər meydanında Heydər Əliyevin əhali ilə izdihamlı görüşü olub. O,  çıxışında bəyan edib ki, Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizə aparacaq. Beləliklə, Heydər Əliyevin fəaliyyətinin üç il davam edəcək Naxçıvan dövrü başlandı.

 

1990-cı il 30 sentyabr

 

Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilər keçirilib. Heydər Əliyev hər iki qanunverici orqana deputat seçilib.

 

1990-cı il 17 noyabr

 

12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyası keçirilib. İlk iclasa ən qocaman deputat kimi Heydər Əliyev sədrlik edib. Sessiyada muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Ali Sovetin Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikada dövlət rəmzi olması barədə qərarlar qəbul olunub. Eyni zamanda, Azərbaycan SSR Ali Sovetinə bayraqla bağlı müvafiq qərarın qəbulu üçün müraciət edilib.

 

1991-ci il 5 fevral

 

12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub, Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Sessiyada çıxış edən Heydər Əliyev Ermənistanın Azərbaycana ərazi iddialarına qarşı müdafiə mövqeyində yox, hücum mövqeyində durmağın vacibliyini vurğulayıb.

 

1991-ci il 30 avqust

 

Heydər Əliyev Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbul olunması ilə bağlı çıxış edib.

 

1991-ci il 3 sentyabr

 

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib. O, bununla bağlı iclasda çıxış edərkən demişdi: “Mən Azərbaycanın ağır dövründə xalqıma xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram... Naxçıvanın belə vəziyyətində, çətin dövründə mənim üzərimə düşən vəzifədən geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini bu çətin dövrdə yerinə yetirməliyəm...”.

 

1991-ci il 16 dekabr

 

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Ali Məclisin 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəylik və  birlik günü” elan olunması haqqında qərarını imzalayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Soveti də bu günlə bağlı qərar qəbul etdi.

 

1992-ci il may

 

Heydər Əliyev Ermənistanın muxtar respublikaya qarşı hərbi təcavüzünün qarşısının alınması üçün təcili tədbirlər görüb, o cümlədən 18 mayda ermənilərin Sədərək rayonuna hücumu ilə əlaqədar Türkiyənin Baş naziri Süleyman Dəmirəllə telefonla danışıb, 21 mayda Naxçıvana gələn Türkiyə XİN nümayəndə heyətini qəbul edib, 27 mayda BMT-nin Naxçıvana gələn xüsusi nümayəndə heyəti ilə görüşüb. 28 mayda Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gəlib, Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı olub.

 

1992-ci il 23 oktyabr

 

Heydər Əliyev Naxçıvanda böyük şair Hüseyn Cavidin 110 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib. Heydər Əliyev fəaliyyətinin Naxçıvan dövründə gərgin iş rejiminə rəğmən, hərbi təcavüz cəhdlərinin önlənməsi, ağır sosial-iqtisadi problemlərin həlli yönündə tədbirlərlə yanaşı, mədəniyyət sahəsini də diqqətdə saxlayırdı.

“...Azərbaycan müstəqil dövlətdir, müstəqilliyi təmin etmək üçün, şübhəsiz ki, böyük çətinliklər və problemlər vardır. Amma Azərbaycan xalqı Hüseyn Cavid kimi böyük şəxsiyyətlər yaratmışdır. Azərbaycan öz müstəqilliyini bundan sonra da qoruyacaq, müharibə də qurtaracaq, torpaqlarımız da hamısı özümüzə qayıdacaq, Azərbaycan xalqı yeni mərhələdə onun daxilində olan böyük imkanları, böyük mənəviyyat potensialını bütün dünyaya nümayiş etdirəcəkdir...

... Bu dünya heç kim üçün, heç kəs üçün əbədi deyil. Hüseyn Cavid öz həyatı dövründə yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdirib. Bizim üçün Hüseyn Cavidin yaratdığı əsərlər daimi mədəniyyət, mənəviyyat, əxlaq mənbəyidir. Onun qədər bu barədə, bu dövrdə, XX əsrdə dərin mənalı, yüksək fəlsəfəyə uyğun əsərlər yaradan olmayıb. Bu əsərlər indi bizim üçün daha da lazımdır. Azərbaycanın indi müstəqil dövlət kimi, Azərbaycan xalqının azad bir millət kimi inkişaf etməsi üçün biz Hüseyn Cavidin əsərlərini oxumalıyıq... Orada biz bugünkü həyatımızda baş verən problemlərin cavabını tapa bilərik...”.

Hazırladı: V.Orxan

(davamı var)