İyunun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli” çərçivəsində "Xarici dilin öyrənilməsində innovativ strategiyalar" adlı I beynəlxalq forum (IFFT-2023) keçirilib.
UNEC-dən bildirilib ki, tədbirin açılışında Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Ümummilli liderin 2002-ci il iyunun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində çıxışını əks etdirən kadrlar nümayiş edilib.
UNEC rektoru professor Ədalət Muradov Ulu öndərin universitetin 70 illik yubileyində çıxışı zamanı dediyi fikirləri səsləndirib: “İqtisadiyyatı irəliyə aparmaq, dünyanın mürəkkəb maliyyə və iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır”.
Rektor UNEC-in strateji hədəflərinin Ulu öndərin həmin tövsiyələrinə əsaslandığını diqqətə çatdıraraq, universitetdə bu istiqamətdə tətbiq olunan yeniliklərdən söz açıb. Gənclərin xarici dil biliklərinə daha yaxşı yiyələnmələri və məzun olduqda ən azı bir xarici dilə sahib olmaları məqsədilə UNEC-in “British Council”la IELTS tərəfdaşı olduğunu və Xarici Dil Mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Eləcə də xarici dilin 4 bacarıq üzərindən, beynəlxalq təcrübəyə əsasən 2 il tədris olunduğunu qeyd edib.
Forumda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ingilis dilinin Azərbaycanda təbliğinin səfirliyin əsas prioritetlərindən biri olduğunu bildirib. Səfir UNEC-in “British Council”in IELTS tərəfdaşı olduğunu yüksək qiymətləndirərək, gənclərin xarici dil biliklərinə yiyələnmələrinin vacibliyini vurğulayıb. O, xarici dilin öyrənilməsində şəxsi təcrübəsini bölüşərək, ölkəmizdə olduğu müddət ərzində Azərbaycan dilini öyrəndiyini də qeyd edib.
Ümummilli lider Heydər Əliyevin şəxsi tərcüməçisi olmuş Harvard Universitetinin məzunu Tahir Kərimov Ulu öndərin ölkə diplomatiyasında xarici dilin tətbiqi ilə bağlı yanaşmasından, bu istiqamətdə apardığı islahatlardan və uğurlu nəticələrindən danışıb.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov məzunu olduğu universitetdə olmaqdan qürur duyduğunu bildirib. Ulu öndərin İqtisad Universitetinə gəlməsi ilə bağlı xatirələrini bölüşən A.Həsənov universitetdə Ümummilli liderin tövsiyələrinə əsasən aparılan yenilikləri yüksək qiymətləndirib. O, UNEC ilə “Yelo Bank”ın əməkdaşlığının bu istiqamətdə faydalı ola biləcəyini diqqətə çatdırıb.
Forumun moderatoru, UNEC Dil Mərkəzinin rəhbəri dosent Aysel Xəlilova forumun proqramı barədə məlumat verib. Bildirib ki, forumda fərqli mövzularda və müxtəlif təlimçilərin çıxışı ilə 14 vorkşop da təşkil olunacaq.
Çıxışlardan sonra forum “British Counsil”, eləcə də yerli və xarici universitetlərin nümayəndələrinin təqdimatları ilə ingilis dilinin tədrisində yaranan çətinliklər, onların həlli yolları, tələbələrin biliyinin qiymətləndirilməsi, tendensiyalar və imkanlarla bağlı panel müzakirələrlə davam edib.