İyunun 12-də vəfat edən İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ölkənin ən varlı adamlarından biri idi. Beş övladı olan Berluskoninin mirası 5 milyard avro həcmində dəyərləndirilir. “Forbes” jurnalının son reytinq siyahısında isə onun sərvəti bazar dəyəri ilə 6,9 milyard avro qeyd olunmuşdu.

Mirasın əsas hissəsi – 4,89 milyard avro “Fininvest” ailə holdinqinin payına düşür. “Mediaset” telekompaniyasının 50 faizi, “Mondadori” nəşriyyatı və “Mediolanum” bankı holdinqə daxildir. Berluskoninin ilk nikahdan olan iki böyük övladı – Marina və Pyer holdinqdə yüksək vəzifələr tutur. Berluskoninin biznes sahəsindən başqa bir neçə villası, sarayları və evləri də var. Onlardan ən məşhuru Milan ətrafında yerləşən San-Martino villasıdır. Sabiq baş nazirin Sardiniya adasında yay iqamətgahı, Milanda daha bir neçə villası, Romada evi,  həmçinin Kann şəhərində (Fransa), Bermud və Antiqua adalarında daşınmaz əmlakları var.