2022-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin (yaşadığı ölkə daxilində) sayı rekord səviyyəyə çatıb. Bu barədə 20 iyun – Dünya qaçqınlar günü ərəfəsində BMT-nin yaydığı məlumatda bildirilir.

BMT-nin hesabatına görə, hazırda dünyanın 8 milyard əhalisindən 108 milyonu qaçqın vəziyyətindədir. 62 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb, 5 milyon insanın sığınacağa, daha 5 milyon nəfərin isə beynəlxalq müdafiəyə ehtiyacı var.

Rusiyanın Ukraynada apardığı müharibə ötən il dünyada qaçqın sayının artmasının əsas səbəbi olub. 2022-ci ildə bu göstərici 5,7 milyona yüksəlib ki, bu da 21 faiz artım deməkdir.

Planetimiz II Dünya müharibəsindən sonra ən böyük insan köçü ilə üzləşib. Onların yarıdan çoxu üç ölkənin – Suriya, Ukrayna və Əfqanıstanın payına düşür. Qaçqın qəbulunun ağırlığı ən çox orta və aşağı gəlir səviyyəsinin olduğu ölkələrin üzərinə düşür. Türkiyə və İran ümumilikdə 7 milyon qaçqına sığınacaq verib.