İyunun 23-ü XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) anadan olmasının 110-cu ildönümüdür. Bu münasibətlə şairin həyat və yaradıcılığı haqqında bir sıra faktları oxucularımıza təqdim edirik.

Gəncə şəhərində anadan olan Nigar xanım ibtidai təhsilini burada alıb, 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib. 1932-1936-cı illərdə Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. 1930-1932-ci illərdə Bakı kinostudiyasında, “Azərnəşr”də tərcüməçi və redaktor, 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də redaktor işləyib. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub.

Nigar Rəfibəyli milli ədəbiyyatı lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.

Şairliklə yanaşı, tərcümə fəaliyyəti ilə də məşğul olub. Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, F.Şillerin “Məkr və məhəbbət”, A.P.Çexovun “Vanya dayı”, “Albalı bağı” dramlarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Ə.Nəvai, A.Puşkin, M.Lermontov, T.Şevçenko, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə edib.

Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1981-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb, “Şərəf Nişanı” ordeni və medallarla təltif olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə Nigar Rəfibəylinin 100 illik yubileyi  qeyd olunub. Paytaxtın küçələrindən biri onun adını daşıyır.

 

Atasını bolşeviklər güllələyib

 

Şairin atası Xudadat bəy Rəfibəyli xalqının azadlığı yolunda mübarizə aparan ictimai-siyasi xadim idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri, daha sonra Gəncə şəhərinin general-qubernatoru olmuşdu. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra may ayında həbs olunur və məhkəmənin hökmü ilə Bakıya gətirilərək Nargin adasında güllələnir.

 

İlk şeiri və ilk kitabı

 

Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri 15 yaşında, 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib. İlk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan şairin birinci kitabı 1934-cü ildə nəşr olunub.

Nigar Rəfibəyli yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün bir-birindən maraqlı şeirlər qələmə alıb. Şairin “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.

Şair bundan başqa, “Zəfər nəğməsi” (1943), “Şeirlər” (1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir” (1964) və s. kitabların müəllifidir.

 

Toylarında Cavidlə Müşfiq də iştirak edib...

 

Nigar xanım 1937-ci ildə şair Rəsul Rza ilə ailə həyatı qurur. Qızları Fidan Rzayeva müsahibələrinin birində bu haqda deyir: “Onların toyu elə yaşadıqları balaca daxma kimi evdə keçirilib. Sonradan repressiya olunan adamların bir çoxu, eləcə də Hüseyn Cavid, Mikayıl Müşfiq də onların toyunda iştirak ediblər. Atamgilin toyu ədəbiyyat adamlarının axırıncı məclisi olub. Bu məclisdən sonra onların hamısını bir-bir aradan götürüblər”.

 

İldən uzun gecələr...

 

1981-ci ildə Nigar xanımda ağır xəstəlik aşkar olunur. Xəstəlik artıq irəliləmişdi. Həkimlər onu müalicə üçün Moskvaya aparmağı məsləhət görürlər. Bir müddət idi Rəsul Rza da xəstəxanada müalicə olunurdu. Aprelin 1-də oğulları Anar anasının səhhəti ilə bağlı xəbəri Rəsul Rzaya demək üçün xəstəxanaya gedir. Xəbəri eşidən Rəsul Rzanın həyəcandan təzyiqi yüksəlir və dünyasını dəyişir. Həyat yoldaşının vəfat xəbərini Nigar xanıma söyləmirlər...

Həmin ərəfələrdə Emin Sabitoğlu Nigar Rəfibəylinin 40-cı illərdə yazdığı “Neyləyim” şeirinə sonradan böyük populyarlıq qazanan mahnı (“Alagözlüm”) bəstələmişdi.

Mahnının tarixi barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar müsahibələrinin birində deyib: “Atamın vəfatından sonra bir gün Emin mənə dedi ki, Nigar xalanın sözlərinə təzə bir mahnı bəstələmişəm. Amma sən verən mətnlərdən deyil, köhnə bir şeiridir. Həmin mahnını Akif İslamzadənin ifasında lentə yazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanaya gətirdik. “Qoy Nigar xala özü də eşitsin” dedi. Mən mahnının hansı şeirə bəstələndiyini bilmirdim və təəccüblənirdim ki, görən niyə Emin əlində təzə mətnlər ola-ola köhnə şeirə müraciət edib. Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm:

Alagözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim!
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim!

Məhz bu sözlər – artıq dünyadan köçmüş insanı haraylaması – bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam bilmirdi tək”.

 

Və aradan keçən üç ay...

 

Bir müddət sonra həkimlər Nigar xanımın xəstəliyinin əlacsız olduğunu etiraf edirlər. Onu evlərinə gətirirlər. Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da – ömür-gün yoldaşının vəfatından üç ay sonra – dünyasını dəyişir.

Xalq şairinin tək “Neyləyim” şeiri deyil, bir çox poeziya nümunələri nəğməyə dönüb tanınmış müğənnilərin ifasında qəlblərə həzinlik gətirib. Şeirləri ilə bərabər, sözlərinə yazılan mahnılar da bu gün də oxunur, gələcəkdə də oxunacaq...

Hazırladı: N.Məmmədli