“Başıma çox faciələr gəlib. Teatr olmasaydı, halım nə olardı, bilmirəm. Sənət məni xilas elədi...”

 

Onu illərdir səhnədə görür və izləyirəm. Hələ Bakı Kamera Teatrının vaxtından. “Məkkəyə yol”da Məhəmmədhəsən əmi, “Xırs-quldurbasan”da Divanbəyi, “Skapyenin kələkləri”ndə Silvestr, “Qaraca qız”da Piri baba, “Müsyö Jordan və dərviş Məstəli şah”da Hətəmxan ağa, “Əlincə qalası”nda Əmir Teymur. Düzü, son tamaşasınadək heç vaxt onu baş rolda görməmişəm. Amma nə olsun ki. O, epizodda belə tamaşaçısına “mənə bax” deyə bilir.

Həmsöhbətimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident mükafatçısı Kərəm Hadızadədir.

Söhbətə İsveç dramaturqu Benqt Alforsun “İllüziyaçılar” pyesi əsasında hazırlanan “35 ildən sonra” tamaşasındakı rolundan başlayırıq.

Birhissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Artıq yaşa dolduğunu qəbul etməyən qoca aktyor ya durmadan monoloqlar söyləyib hələ də səhnəyə, tamaşaçıya lazım olduğunu isbata çalışır, ya da keçən ömrün  kədərində çabalayır. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşanda isə ata kimi həm onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur...

 

– Aktyorlar adətən başqalarının həyatını oynayır. Aktyorun, özü də uğursuzluğa düçar aktyoru oynamaq necə bir hissdir?

– Gənc rejissor Müşfiq Əliyevin bu işi məni xüsusilə cəlb etdi. Mənə elə gəlir ki, bu əsər bütün dünyadakı aktyorların həyatından bəhs edir. Aktyor istəyir ki, son  nəfəsinədək işləsin, səhnədə olsun. Bu obraz ümumilikdə aktyorun həyat probleminin, daxili faciəsinin təcəssümüdür və istədim onu hiss etdiyim kimi ifadə edim. Oynayım yox, ifadə edim. Aktyor aktyorun obrazını daha yaxşı yarada bilir. Çünki o, bizim içimiz, daxili dünyamızdır.

 

– Yaxşı, niyə aktyor bu qədər şikayətləndiyi halda belə həmişə səhnədə olmaq istəyir?

– Məncə, aktyorlar Allah tərəfindən hansısa şövq verilmiş, seçilmiş adamlardır. Ona görə də aktyor balıq dəryada olan kimi səhnədə olmaq istəyir. Səhnə onun yaşamaq, nəfəs almaq yeridir. Qocalıb əldən düşsə də, istəyir həmişə səhnədə olsun. Yaşlı aktyorlar səhnənin bəzəyidir. Onlar səhnəni doldurur, dolğunlaşdırırlar.

 

– Yəqin razılaşarsız ki, məsələ təkcə səhnəni doldurmaqdan ibarət olmamalıdır.

– Əlbəttə. Mən səhnənin tamamlanmasından danışıram. Onlar, yəni yaşlılar səhnəyə çıxanda ora bir ağıryanalıq, təcrübədən irəli gələn inam verirlər.

 

– Ya truppada (ştatda) olmaqla bağlı yaş senzindən, ya da ümumən peşənin insanı özünə bağlamasındanmı, bilmirəm, amma, məncə, aktyorlar yaşlanmaqdan çox qorxurlar. Bu sizdə də var?

– Əsla, təki Allah ömür versin, yaşa dolaq. Mənim üçün səhnədə, sənətdə qocalmaq şərəfdir. Təki saç-saqqalım ağarsın, yaşlanım, amma səhnədə olum. Beynim işləsin, həmişə hərəkətdə olum, axtarıb arayım. Bu bizim peşədə ən vacib amillərdən biridir.

 

– Tamaşaçı teatra gəlirsə, zatən yaxşı mənada aldanmağını qəbul edir və daim bu peşəkar aldanışın təsirinə düşməyə tələsir. Bu mənada səhnədə yaxşı yalançısınız?

– (Gülür). Düzdür, biz aktyoruq, oynayırıq, hansısa bir obraza həyat veririk. O obrazın hisslərini ifadə edirik. Məncə, bu aldatmaq deyil. Sadəcə, tamaşaçı baxır, başqa bir insanın həyatını bizim təqdimatımızda görür. Bu mənada xoş tamaşaçını yaxşı inandıran, yaxud siz deyən kimi, aldadanın halına.

 

– Siz aktyorluğa hansı daxili tələbat, zahiri ehtiyacdan gəldiniz?

– Bax, onu bilmirəm. Deyim ki, kimisə görüb həvəsə düşməmişəm, kimisə özümə sənətdə bələdçi, nümunə seçib gəlməmişəm. Amma özümü anlayandan “artist olacam” deyirdim. Öz-özümə monoloqlar öyrənir və söyləyirdim. Kənddə, evimizdə  uzun qış gecələrində bu əyləncəmdən məsud olurdum. Qaz yox, işıq da tez-tez sönürdü. Bax, o məqamlar mən odun sobasının üçbucaq dəliklərdən divara düşən işığın önünə keçər və monoloqlar deyər, özümü belə ifadə edərdim.

 

– Deməli, o zamandan səhnənin qaranlıqdan işığa çağırış olduğunu dərk etmisiniz...

– Bəli, mənə elə gəlir ki, anadan olandan ilk arzum məhz bu olub. Nəslimizdə, ətrafımda aktyor, sənətə bağlı kimsə olmayıb. İndi anlayıram ki, mən daxilən bu aclıq, bu ehtiyac ilə doğulmuşam.

 

– Sənətə gəldiyiniz dönəm də çətin olub. 90-cı illərin gəncliyi və onların yaşam burulğanında aktyorluq, sənət arzuları...

– Ali məqsədim bu idi. Əvvəl o vaxtkı Bakı Mədəni-Maarif Texnikumunda aktyorluq üzrə təhsil  aldım. Əslində, bu da asan olmadı. Qəbul oldum, sonra hərbi xidmətə getdim, qayıdıb bitirdim və o vaxt yenicə qurulan Qazax Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başladım. Orada 4 ay çalışdım. 1989-cu ildə indiki Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum, aktyorluq ixtisası üzrə əziz müəllimim, görkəmli rejissorumuz Cənnət Səlimovanın kursunda oxumağa başladım. Məncə, sənətdəki ən böyük xoşbəxtliyim məhz onun tələbəsi olmağımdır. Biz ikinci kursda oxuyanda Cənnət xanım Bakı Kamera Teatrını yaratdı və biz qrup olaraq orada çalışmağa başladıq. İndi də buradayam – Gənc Tamaşaçılar Teatrında...

 

– Kamera Teatrı demişkən, niyə o teatrın aktyorları seçilir?

– Hər bir teatrın öz iş üslubu, prinsipi var. Ümumən hər bir teatrın aktyoru seçilməli, öz məktəbini, bacarıq və istedadını göstərməlidir. Bizim teatrın fərqi bir ailə olmağımızda idi. Hamımız tələbə yoldaşları, bir müəllimin tələbləri. Çox mehriban, səmimi idik. Yəqin buna görə də 20 ilə yaxın fəaliyyət göstərdik. Sözsüz ki,  burada Cənnət xanımın, rəhmətlik rejissorumuz, Xalq artisti İrina Perlovanın rolu böyük idi.

 

– Kərəm müəllim, mənə elə gəlir ki, aktyorun sonrakı sənət taleyində ilk rolunun böyük izi olur. Onu bir növ qarabaqara izləyir.

– Haqlısınız, məncə. Peşəkar səhnədə ilk rolum Məmmədhəsən əmi idi. Bəlkə də o kişinin mülayimliyi, Allaha bağlılığı mistik bir qüvvə ilə aramızda rabitə yaradıb.

 

– Bir obrazı geyimə bənzətsək, hər aktyor onu fərqli zamanlarda geyinir. Boyuna biçilsə də, biçilməsə də. Bu mənada eyni əsər və rolları həmkarlarınızın ifasında izləyəndə müqayisə edirsiniz?

– Tam səmimi deyim ki, yeni rol təklif olunanda məndən əvvəl kimin və necə oynadığını nə analiz edir, nə də bu barədə müqayisə aparıram. Elə olarsa, rol ilə rabitə qura bilmərəm. Həmin ərəfələrdə ümumən heç nəyə baxmıram və özüm ilə baş-başa qalıram.

 

– Bir ailə teatrı kimi yerdən böyük bir kollektivə – Gənc Tamaşaçılar Teatrına gəliş sizin üçün necə baş verdi? O inteqrasiyanı içinizdə necə həll elədiniz?

– Bir dəfə bu teatrda belə bir söz dedilər: bunlar balaca teatrdan gəliblər. Amma bu, heç də belə deyildi. Biz balaca səhnədə və zalda oynasaq da, ildə 3-4 dəfə böyük festivallara gedir, böyük zallarda, çoxsaylı tamaşaçılar qarşısında oynayırdıq. Yəni  böyük zallarda ifanın sirrini bilirdik.

 

– Say və auditoriya  mənasında soruşmuram. Mənə başqa məqam maraqlıdır.  Ailə mühitindən, belə demək mümkünsə, ana qucağından həyata atılmaq kimi poetik...

–  Bu teatr da bizə yad deyildi. Hamısı sənət dostlarımız, tələbə yoldaşlarımız idi. Sadəcə, Bakı Kamera Teatrının bağlanması bizi çox üzdü. Bir müddət təsirsiz ötüşmədi. Amma mən burada da yad, qərib olmadım. Onu da deyim ki, Kamera Teatrından bu səhnəyə ilk mən gəlmişəm. “Pəri cadu” tamaşasında Rəhim kişi rolunda oynamışam. Amma Kamera Teatrının nisgili qaldı və qalacaq da.

 

– Aktyorun peşə taleyindəki bir qəribəlik də onun rejissordan asılı olmasındadır.

– Mən bir çox rejissorlarla işləmişəm. Mənim üçün rejissor teatrın əsas üslubunu, xəttini inkişaf etdirən, onun repertuarını zənginləşdirməyə xidmət edən əsas simadır.

 

– Sözsüz ki, rejissordan bu mənada həm də ədalət hissi və prinsipiallıq tələb olunur. Mənə maraqlı gələn rejissorun sevimli aktyoru olmaq hissəsidir...

– (Gülür). Məncə, bu da bütün teatrlarda var. Bəlkə elə bu məqam da ruh, inam bağlılığıdır. Mən hər şeydə, hətta ən çirkin təsvirdə belə gözəllik tapa bilirəm. Səmimi adamam, heç vaxt nə isə başqa niyyət gəzmirəm. Bir də ola bilər kənardan baxan üçün mən də Cənnət xanımın sevimli aktyoruyam. Burada nə var ki? Əslində, mən bunu belə görmək istəmirəm. Bütün rejissorlar üçün arzulanan, siz deyən kimi, sevimli olmaq istəyirəm. Ümumən konflikti, hansısa rola, tamaşaya görə özümü önə atmağı sevmirəm. Baxın, ömür nə qədər qısa, həyat nə qədər müvəqqətidir. Cari söz-söhbətlərdənsə, yaşamaq və işləmək lazımdır. 

 

– Film və serial biznesimiz də hələ o səviyyədə deyil ki, teatr aktyorları rahatlıqla çəkilsinlər, kütləvi tanınsınlar. Hərçənd ötən əsrin 60-cı illərindən kifayət qədər teatr aktyoru məhz rol aldıqları filmlər sayəsində tanındı və sevildi.

– Düzdür, indi serial və filmlər çəkilir, proses gedir. Amma mən çox çəkilmirəm. Deyim ki, seçkin yanaşıram, yox. Sadəcə, az dəvət alıram və düşünürəm ki, heç də hər serialda çəkilmərəm.

 

– Xoşbəxtlik anlayışınız nədir?

– Şükür, səhnədəyik, oynayırıq, dostlar, yoldaşlar var. Qızım, nəvəm var. 58 yaşımadək hər şeyi yaşamışam, ən ağır itkiləri də. Amma yenə də şükür edirəm. Bu gün varamsa, nəfəs alıramsa, səhnədəyəmsə, deməli, xoşbəxt olmaq, hiss etmək üçün səbəblərim var.

 

– Həyat və sənət obrazınız – hansında daha azadsınız?

– Çətin sual oldu. Həyat Allah tərəfindən verilmiş sınaq zamanıdır, məncə. Dünyanı dərk edib, faciələri, itkiləri dada-dada yaşayırıq. Amma sənət sarıdan heç vaxt narazılıq etməmişəm və bu işi sevərək görmüşəm. Yaşadığım bu illərdə başıma çox faciələr gəldi. Onların hamısından xilasım məhz sənət, səhnə ilə oldu. Teatr olmasaydı, yaşadıqlarımla halım nə olardı, bilmirəm. Sənət məni quyunun dibindən dartıb çıxardı, xilas elədi. Sağ olsun tamaşaçı, çalışdığım kollektivlər, tamaşalarında oynadığım rejissorlar, teatr rəhbərliyimiz. Hə, bu arada bu il mən də Prezident mükafatına layiq görülənlər sırasına qoşuldum. Ölkə başçımıza, əməyimizə diqqət göstərən hər kəsə təşəkkür edirəm. Mənim ən böyük mükafatım səhnədə olmağımdır. Amma bu kimi diqqət də, sözsüz ki, bizləri sevindirir.

Söhbətləşdi: Həmidə Nizamiqızı