Gələn il görkəmli şair, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924-1996) anadan olmasının 100 illiyi tamam olacaq.

Bu münasibətlə şairin “Mən nə gətirdim” və “Bakının işıqları” kitabları Təbrizdəki “Azərturan” nəşriyyatında əski əlifba (ərəb qrafikalı Azərbaycan əlifbası) ilə çap olunub.

Kitablar gənc yazar və tərcüməçi Əli Aslani tərəfindən tərtib olunub. Ə.Aslani eyni zamanda Ə.Tudənin 100 illiyi münasibətilə onun “Təbriz yolu”, “Araz üstə palıd” kitablarını və xatirələrini də çapa hazırlayır. 

Əslən Cənubi Azərbaycanın Ərdəbil bölgəsindən olan şair ömrü boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayıb, bu yolda yorulmadan qələm çalıb, 50 il öz vətənində siyasi mühacir kimi yaşayıb, SSRİ pasportundan imtina edib.

Şairin “Cənub nəğmələri” kitabı 1946-cı ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət zamanı Təbrizdə, filarmoniyanın müdiri vəzifəsində çalışdığı dövrdə çap olunmalı idi. Lakin həmin il Milli Hökumət süquta uğradıldı. Onun milli ruhlu şeirlərindən ibarət kitabı da mətbəədə yandırıldı və İran şahı tərəfindən ölümünə fərman verildi. Məcburiyyət qarşısında qalan şair Arazın şimalına keçdi və bir daha doğma elinə gedə bilmədi...