Arxeoloqlar İtaliyada, Siciliya regionundakı qədim Seqesta şəhəri yerində mühüm kəşf ediblər. Qazıntılar zamanı onların aşkarladıqları səcdəgahların tarixi Ellinizm dövrünə təsadüf edir.

Ellinlərin – italyan mənşəli xalqın bir zamanlar tanınmış şəhəri olmuş Seqesta Siciliya adasını finikiyalı və yunan mühacirlər arasında bölüb. Seqestanın dəqiq yaranma tarixi naməlum olaraq qalır, lakin şəhər haqqında ən qədim yazının tarixi kimi təxminən eramızdan əvvəl 580-ci il göstərilir. Bu yazıda Seqesta və Selin (hazırda Selinunte kimi tanınan) arasında münaqişədən bəhs edilir.

Şəhər mədəniyyət baxımından yunanların güclü təsirinə məruz qalıb. Eramızdan əvvəl V əsrdə şəhər Afina ilə ittifaqa girib. Məhz bu dövrdə Seqesta afinalıları uğursuz Siciliya ekspedisiyasına – Afina və onların rəqibləri olan Sparta, Sirakuza və Korinf arasında Peloponnes müharibəsinə qoşulmağa çağırıb.

Seqestanın xarabalıqları Siciliyanın şimal-qərb regionunda, Monte-Barbaro zirvəsi yaxınlığında yerləşir. Bir vaxtlar çiçəklənən şəhərin qalıqlarına Dor məbədi, aqora (mərkəzi ictimai məkan), amfiteatr və şəhər divarlarının müxtəlif hissələri daxildir.

Kasa-del-Navarka kimi tanınan tikilidə aparılan qazıntılar görünməmiş nəticələr verib. Arxeoloqlar tərəfindən aşkarlanan iki daş memarlıq elementində aparılan ətraflı tədqiqatda bunlar Ellinizm dövrünün səcdəgahları kimi eyniləşdirilib. Bu səcdəgahların yaşayış evlərində yerləşdiyi ehtimal edilir.