Türkiyənin Kastamonu Universitetinin 82 yaşlı məzunu Hamdi Balkaş səhhətində olan problemə rəğmən məzun mərasimində iştirak edib.

Kastamonu Universitetinin İncəsənət fakültəsini bitirən ən yaşlı məzun bundan əvvəl orta məktəbdə biologiya müəllimi olub. Balkaş bildirib ki, rəssamlıq sənətinə olan böyük marağı onu ikinci ali təhsil almağa sövq edib. O, 2018-ci ildə universitetə daxil olub. Səhhətində yaranan ciddi problemlər və üç dəfə cərrahiyyə əməliyyatı keçirməsi ağsaqqal tələbəni təhsildən yayındıra bilməyib və o, buraxılış imtahanında tələbələr arasında üçüncü nəticə göstərib.

Bu il Kastamonu Universitetinin məzunları arasında İctimai elmlər fakültəsinin fəlsəfə bölümünü bitirən 61 yaşlı Fatma Gül Çohadar da var. Qadın bildirib ki, gənclik illərində təhsil almaq imkanı olmayıb və 56 yaşında ali təhsil almağa qərar verib. Fatma xanım gənclərə tövsiyə edib ki, həyatlarının ən gözəl və enerjili illərini təhsilə sərf etsinlər. O,  oxumağın heç vaxt gec olmadığını deyib. Təqaüdçü məzun bildirib ki, o, magistr təhsili almağı da planlaşdırır.