İtaliyanın Neapol şəhəri yaxınlığındakı Pompey Arxeoloji Parkında aparılan qazıntılar zamanı yarısökük divarda aşkar edilmiş 2 min illik rəsmdə üzərində dairəvi kökə və təzə qurudulmuş meyvələr olan gümüş qab təsvir olunub.

Ekspertlər qeyd ediblər ki, müasir pizzanın bu qədim versiyasına pomidor və pendir kimi o vaxtlar əlçatan olmayan klassik inqrediyentlər daxil olmurdu, əvəzində onun tərkibində ananasa oxşar qida məhsulu var idi.

Hesab olunur ki, freska Ellinistik dövrdən gələn yunan ənənəsinə uyğun olaraq qonaqlara təklif olunan sovqatları təsvir edir.

Roma imperiyasının Pompey şəhəri eramızın 79-cu ilində 2 minə yaxın insanın ölümünə səbəb olan Vezuvi vulkanının püskürməsindən sonra kül altında qalıb. Şəhərin xarabalıqları arxeoloqların 1748-ci ildə apardıqları ilk qazıntılardan bəri tapdıqları eksponatların xəzinəsidir.