Hərəkəti beş dəfə yavaşlayıb...

 

Alimlər astronomiya elmi tarixində ilk dəfə kainatın beş dəfə yavaş hərəkət etdiyini müşahidə ediblər. Tədqiqatçılar kainatın başlanğıcına yaxın vaxtı ölçmək üçün erkən qalaktikaların mərkəzindəki superkütləli qara dəliklərlə təchiz edilmiş kvazarlardan əldə edilən məlumatları müqayisə ediblər. Kvazarlar məlum olan ən parlaq və ən uzaq səma cisimləri arasındadır.

“Nature Astronomy” jurnalında dərc olunan tədqiqatda Sidney Universitetindən professor Geraint Lyuis qeyd edir ki, bu məlumatlar getdikcə genişlənən kainatda yaşadığımızı bir daha təsdiqləyir. “Kainatın bir milyard il əvvələ nəzərən (Kainatın indiki halının yarandığı Böyük partlayışdan sonra) beş dəfə daha yavaş axdığını görürük”, – deyə o yazır.

Astrofizik Geraint Lyuis və Oklend Universitetindən astrostatistik Brendan Brever 20 il ərzində 200-ə yaxın kvazarın rənglərinə baxıblar. Daha sonra onlar hər bir kvazarın dəyişməsini standartlaşdıra biliblər. Bütün bunların nə demək olduğunu izah edən tədqiqatçılar proseslərin Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin gözləntilərini təsdiqlədiyini qeyd ediblər. Yəni, uzaq kainatın indiki vaxtdan daha yavaş hərəkət etdiyi müşahidə olunur.

Professor Lyuis yazır: “Eynşteynin sayəsində biz bilirik ki, zaman və məkan bir-birinə bağlıdır və Böyük Partlayışdan sonra kainat genişlənir. Kosmosun bu genişlənməsi o deməkdir ki, ilkin kainatla bağlı müşahidələrimiz bugünkü zaman axınından çox yavaş olmalıdır. Bu tədqiqatla biz bunu Böyük partlayışdan təxminən bir milyard il sonra müəyyən etdik”.

Alimlər bildirirlər ki, kainatın genişlənməsi davam edəcək və o, getdikcə böyüyəcək və boşalacaq.