2023-cü ilin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması, eləcə də Türk dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliği məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” adlı kitab nəşr edilib.

Fonddan bildirilib ki, kitabda Azərbaycan və əcnəbi şairlərin Vaqifə həsr olunmuş şeirləri, onun əsərlərinə yazılan nəzirələr toplanıb. Nəşrdə “Vaqif” dastanı və Səməd Vurğunun eyniadlı dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi də yer alır. Topluda şairin təsviri sənətdəki obrazını canlandıran əsərlər, müxtəlif illərdə “Vaqif” tamaşasından fotolar da verilib.

Fondun prezidenti Günay Əfəndiyeva kitaba ön söz yazıb. Kitabın tərtibçisi Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir.