Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli heykəltaraş, Xalq rəssamı, Prezident təqaüdçüsü Fazil Nəcəfov 12 iyul 2023-cü ildə, ömrünün 88-ci ilində vəfat edib.

Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Sonra V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.

Onun 60-cı illərin əvvəllərində başlayan yaradıcılığı bir sıra maraqlı əsərlərlə, o cümlədən “İzahat” və “Neftçi” heykəltaraşlıq kompozisiyaları ilə yadda qalıb. Azərbaycan heykəltaraşlığında avanqardizmin banisi hesab edilən sənətkarın “Qara ay”, “Korlar”, “Mələk”, “Ömrün mərhələləri”, “Söhbət”, “İstirahət edən qoca”, “Min yaşlı kişi”, “Dua”, “Əkizlər”, “Fəvvarə” və digər əsərləri maraqla qarşılanıb.

Heykəltaraşın sonuncu monumental işlərindən biri 2014-cü ildə tamamladığı dahi bəstəkar Qara Qarayevin məzarüstü abidəsidir. Sənətkarın əsərləri bu gün əsasən Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında yer alır.

Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilən Fazil Nəcəfov “Xalq rəssamı” (2002) fəxri adına, Prezident təqaüdünə (2004), “Şöhrət” (2020) ordeninə layiq görülüb. Sənətkarın həyat və yaradıcılığı haqqında “Göyə baxan daşlar” (2019) sənədli filmi çəkilib. 

Fazil Nəcəfov iyulun 12-də Xəzər rayonunun Buzovna qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları, ailə üzvləri və yaxınları iştirak ediblər.

***

2015-ci ildə, 80 illik yubileyində qəzetimizə müsahibəsində ömrün kərpic-kərpic töküldüyünü deyən Fazil Nəcəfov sənət sahibinin hərtərəfli biliyə malik olmasının vacibliyini vurğulamışdı: “...Buna görə də uşaqlara deyirəm ki, çox oxuyun, çox öyrənin. Əzim Əzimzadə rəssamlıq məktəbi hər zaman güclü olub. O dövrdə biz Moskvada imtahan verəndə hamı Bakı məktəbinə rəqib kimi baxırdı”.

O, sənətə ciddi yanaşmağı tövsiyə edirdi: “Dünənin sənətini görmək asandır. Amma bu gün sənəti elə asanlaşdırıblar ki, o sənətdən gələcəyə nə qalacaq, tarix nəyi yaşadacaq bunu zaman göstərəcək. İstərdim ki, sənətə qeyri-ciddi yanaşmasınlar. Konseptual sənət başqadır. Sənətdə tutduğun mövqeyin səbəbini yeni nəsillərə anlatmalısan”.

Bəli, Fazil Nəcəfov məhz gələcəyin sənətini yaratdı. Bütün dövrlərdə xatırlanacaq sənət əsərləri...

Allah rəhmət eləsin.