Qüdsdə arılar imperator Adrianın heykəlini yaradır

 

İsrailin Qüds (Yerusəlim) şəhərində dünyanın qeyri-adi heykəli yaradılır. Onun heykəltaraşları arılardır. İsrail Muzeyinin xüsusi layihəsi Roma imperatoru Adrianın bürünc heykəlinin rekonstruksiyasını nəzərdə tutur.

Antik dövrlərdən günümüzə gəlib çatan abidə 1975-ci ildə Beyt-Şean vadisində aşkar edilib. İndi İsrail Muzeyinin bağında xüsusi yaradılmış pətəklərdəki minlərlə arı heykəlin yeni variantı üzərində “çalışır”. Unikal layihə 1800 il əvvəl bürünc heykəlin ərsəyə gəlməsi üzrə metoda uyğundur. Bu, özəl tökmə əməliyyatı “itirilmiş bal mumu” adlanır. Antik dövrdə də heykəlin bürüncdən tökülməsi zamanı bal mumundan istifadə ediblər. Heykəltaraşlar indi də bu texniki metoddan istifadə edirlər.

Layihəni reallaşdırmaq üçün arıları “memarlıq” bal pətəyinə yönəldir və bu mürəkkəb texniki prosesi skaner və üçölçülü printerin köməyi ilə həyata keçirirlər. Bir neçə aydan sonra mum modeli Qüdsdəki İsrail Muzeyinin qalereyasında imperator Adrianın bürünc büstü ilə yanaşı qoyulacaq.

Qeyri-adi layihə dizayn və memarlıq üzrə kurator Rami Trif və ellinistik, Roma və Bizans dövrləri üzrə baş kurator David Mevirax ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Prosesdə slovakiyalı dizayner və rəssam, arılarla iş metodunu işləyib hazırlamış Rafi Nir də iştirak edir. O, muzeyi arı yeşikləri ilə təchiz edib və onlara qulluq göstərir.