Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri iyulun 20-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə bu ölkənin Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında görüşdə müzakirə olunub.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri nəzərdən keçirilib. Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşlar planlaşdırılır.

Qeyd edək ki, 2023-cü ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox, pandemiyadan öncəki 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.
Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “E-visa” sistemi tətbiq olunur. Hazırda Delhi-Bakı-Delhi istiqamətində "Azərbaycan Hava Yolları" tərəfindən birbaşa uçuşlar həyata keçirilir.