Bakının tarixi, tikililəri, şəhər arxitekturası, eləcə də əhalisi, sakinlərin məişət və güzəranı ilə bağlı təsviri sənət əsərlərindən günümüzə gəlib çatan ən qədim nümunələr XVII əsrə aiddir. Bu mövzuda çoxsaylı tədqiqatlar aparılıb, tarixi kontekstdə monoqrafiyalar, sənətşünaslıq nöqteyi-nəzərindən məqalələr yazılıb. Bu yazıda Bakının tarixi ilə bağlı  XVII-XIX əsrlərə aid təsviri nümunələrə bir daha nəzər salacağıq. 

Qədim Bakının bizə məlum olan ilk təsvirlərindən, bəlkə də, birincisi almaniyalı səyyah və təbiətşünas Engelbert Kempfer tərəfindən yaradılmış qravüradır. O, 1683-1693-cü illərdə dünya səyahətinə çıxır. Rusiya və İrandan keçərək Hindistana, oradan İndoneziyanın Yava adasına və Yaponiyaya qədər gedib çıxır. Səyahətinin ilk ilində, 1683-cü ildə yolu Azərbaycandan da keçir. İlk olaraq Şamaxı şəhərinin, daha sonra isə Bakı şəhərinin qravüralarını yaradır. Almaniyaya qayıtdıqdan bir neçə il sonra (1712-ci ildə) səyahətnamə yazır. Burada Abşerondan, xüsusən də Bakıdan, neft quyularından bəhs edir. Təsvirə diqqət yetirdikdə sırası ilə qala divarlarını, Qız qalasını, Cümə məscidini və Məhəmməd məscidinin minarələrini, habelə Şirvanşahlar sarayını görə bilərik.

Rus alimi və şərqşünası Samuel Qmelin 1769-cu ildə İranın və Azərbaycanın tədqiq edilərək öyrənilməsi üçün Rusiyadan elmi ekspedisiyaya göndərilmişdi. O, XVIII əsr Bakısının o dövrə qədər olan təsvirləri ilə müqayisədə bir qədər daha detallı xəritə-təsvirini yaratmışdı. Təsvirə nəzər yetirdikdə şəhər mərkəzini çevrələyən təpələrin üzərində üç qülləni görürük. Lakin bu qüllələr Abşerondakı digər müşahidə qüllələrinə nəzərən nizamsız inşa edilmişdi.

Bu tip təsvirlər bizə Bakının və ümumən Abşeron yarımadasının o dövr üçün topoqrafiyasını, hətta bəzən florasını öyrənməyə kömək edir.

Qabriel Sergeyeviç Sergeyev rus rəssamı və hərbi topoqraf idi. Türkiyə və Misirin tarixi mənzərələrini yaradan ilk rus rəssamlarından biridir. 1796-1797-ci illərdə Azərbaycan və İran ərazisində hərbi ekspedisiyada olmuşdu. Tarixdən bilirik ki, Azərbaycan bu çağda xanlıqlar dövrünü yaşayırdı. Rusiya ilə İran bu ərazilərə nəzarət  uğrunda müharibələr aparırdı. Azərbaycanın sahilyanı bölgələri ruslar tərəfindən ələ keçirilmişdi.

Bu hadisələr özünü təsviri sənətdə də göstərirdi. Düzdür, həmin dövrə aid əsərlərdə qızğın döyüş səhnələri, batal janrda nümunələr görmürük. Lakin ələ keçirmək istədiyi Azərbaycanın coğrafiyasını daha geniş şəkildə öyrənmək Rusiyaya lazım idi və elə bu səbəbdən də geniş ekspedisiyalar təşkil olunurdu. Burada çəkilən rəsmlər daha çox hərbi xarakter daşıyırdı.

1828-ci ildə İran-Rusiya müharibələrinin yekunu olaraq Türkmənçay sülh müqaviləsi imzalandı. Azərbaycan ikiyə bölündü. Bundan sonra Şimali Azərbaycana rus hərbçi-topoqraflar, rəssamlar və araşdırmaçıların axını artdı. Çoxlu sayda təsviri sənət əsərləri də yarandı. Bu dövrdə Avropadan Rusiya imperiyasına səyahət edən bir çox müəlliflərin də yolu Qafqazdan, Azərbaycandan keçirdi. Onlardan biri məşhur fransız yazıçısı Aleksandr Düma idi.

Lamiyə Fərzəliyeva “Qədim Bakı əcnəbi səyyah və rəssamların gözü ilə” adlı məqaləsində (“Mədəniyyət” qəzeti, 16.09.2020) bu barədə yazır: “1858-1859-cu illərdə Aleksandr Düma Rusiya imperiyasına səyahəti zamanı Qafqazı, həmçinin Azərbaycanı gəzmişdir. Düma bu səfərə bacarıqlı memar və rəssam Jan Pyer Muane ilə çıxmışdı. Düma və Muane Bakını və ətraf kəndlərini gəzmiş, xeyli maraqlı məlumatlar toplamış, təsvirlər hazırlamışdılar. Dümanın “Qafqaz səfəri” adlı etnoqrafik səpkidə yazdığı əsəri 1861-ci ildə Tiflisdə rus dilində çap edilmişdi. Kitabdakı Bakının təsvirlərini Muane çəkmişdi. 1858-ci ilə aid olan Bakı mənzərəsi, Atəşgahın təsvir edildiyi iki əsəri və Şamaxı mənzərələri Muanenin Azərbaycana səfəri zamanı yaratdığı işlərə aiddir...”.

Pyotr Vereşşagin məşhur rus batalist rəssamıdır. O, müharibə səhnələrindən başqa həmçinin tarixi abidələrin, səyahət etdiyi bölgədəki mədəni mühitin təsvirlərini də yaradırdı. Onun əsərləri etnoqrafik yöndən bizə zəngin vizual məlumat təqdim etməkdədir.

Qriqori Qaqarin və Aleksey Boqolyubovun əsərləri də eyni mahiyyəti daşıyır. Onların çəkdikləri təsvirlər sayəsində XIX əsr Bakısının necə dəyişikliklərə uğradığına şahid oluruq və əsrin əvvəlləri ilə sonları arasında baş vermiş dəyişiklikləri müqayisəli şəkildə təhlil edə bilərik.

Rusiyalı rəssam və incəsənət tədqiqatçısı Qriqori Qaqarin 1840-1850-ci illərdə Qafqazda hərbi xidmətdə olarkən burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdi.  O, Azərbaycanda da olmuş, “Şamaxı rəqqasəsi”, “Bakıxanovun portreti” kimi rəngkarlıq işləri ilə yanaşı, buradakı memarlıq abidələrinin də təsvirlərini yaratmışdı. Şah məscidi, Şirvanşahlar sarayında  Divanxananın təsvirləri 1840-cı ilə aiddir.

Bakı ilə bağlı tarixi təsvirlərin müəllifi olan Aleksey Boqolyubov 1853-cü ildən Rusiya Baş Hərbi Dəniz Qərargahının rəssamı olaraq fəaliyyət göstərmişdi. 1873-cü ildən etibarən Parisdə yaşamışdı. Onun “Dənizçi rəssamın qeydləri” kitabına nəzər salsaq görərik ki, Boqolyubov 1861-ci ildə Bakıya gəlib və şəhərin sahilboyu təsvirlərini çəkib.

İvan Şeblıkin rusiyalı tarixçi, arxeoloq, etnoqraf, bərpaçı və rəssam idi. 1928-ci ildə tarixi və mədəniyyət abidələrinin bərpası ilə əlaqədar olaraq Azərbaycana dəvət olunmuşdu. Qeyd etmək lazımdır ki, onun 1930-cu illərdə hazırladığı plan və çertyojlardan sonralar da tədqiqat işlərində geniş şəkildə istifadə edilib. Bu dövrdə Bakıda artıq kompleks şəkildə aparılan arxeoloji tədqiqatlar şəhərin Orta əsrlər mənzərəsini yaratmağa imkan verirdi. Təbii ki, bu işdə XVII-XIX əsrlərə aid təsvir nümunələri dəyərli mənbə idi və onlar bu gün də həm sənət, həm də elm nöqteyi-nəzərindən əhəmiyyətini saxlamaqdadır...

Cavidan Zeynalov