Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 2-4 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunacaq forumda Azərbaycan dili və ədəbiyyatı ilə bağlı bütün aktual məsələlər ilk dəfə belə formatda müzakirə ediləcək.

Ədəbi-elmi ictimaiyyətin, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayacaq, sentyabrın 3-4-də isə Bakı şəhərində davam edəcək.

Forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği,  teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar olacaq. 

Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında öz əksini tapacaq.

Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak etmək istəyən şəxslər 25 avqust 2023-cü il tarixinədək Mədəniyyət Nazirliyinin “culture.gov.az” rəsmi internet saytında yerləşdirilən onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Teatr Forumu və Kino Forumu keçirilib. Hər iki tədbirdə mütəxəssislərin, aidiyyəti qurum və yaradıcılıq təşkilatları təmsilçilərinin iştirakı ilə geniş diskussiyalar aparılıb, sahələr üzrə mövcud problemlər və onların həlli yollarına dair fikir və təkliflər səslənib. Hər iki forumda qeyd edilən və sözügedən sahələr üçün faydalı olacaq təkliflərin “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramının hazırlanmasında nəzərə alınacağı bildirilib.