Türkiyənin turizm paytaxtı Antalya xarici qonaq qəbulunda yeni rekord vurub. 2023-cü ilin əvvəlindən iyulun 30-dək Antalyaya gələn əcnəbi turist sayı 8 milyon 11 min nəfəri ötüb.

Bundan öncəki rekord 2019-cu ilin eyni dövründə qeydə alınmışdı: 8 milyon 4 min nəfər. Bu məlumatı Antalya valisi Ersin Yazıcı paylaşıb.

Valinin bildirdiyinə görə, iyulun 29-da Antalyaya təyyarə ilə gələn turist sayında da rekord göstərici əldə olunub. Həmin gün Antalya hava limanı 100 min turist qəbul edib. Bundan öncəki yüksək göstərici cari il iyulun 15-də qeydə alınmışdı: 97 min 900 nəfər.   

Qeyd edək ki, bu rəqəmlər təkcə Antalyada deyil, ümumilikdə Türkiyədə cari il ərzində turizmin pandemiyadan öncəki səviyyəni geridə qoyacağını göstərir. 2019-cu ildə Türkiyəyə rekord sayda – 45 milyon nəfər əcnəbi gəlmişdi. 2020-ci ildə pandemiya səbəbindən xarici turist sayı cəmi 16 milyona düşmüş, 2021-ci ildə isə 30 milyon olmuşdu. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,  2022-ci ildə ölkə 44,5 milyon turist qəbul edib. Ötən il Türkiyəyə gələn hər üç turistdən biri Antalyanın payına düşüb.