Bir neçə Avropa ölkəsi turistlər üçün məhdudiyyətlər tətbiq etmək qərarına gəlib. Səbəb kimi koronavirus pandemiyasından sonra səyahətçilərin axının artması və bəzi görməli məkanların turist baxımından həddindən artıq yüklənməsi göstərilir.

Yunanıstanda sentyabrın 4-dən Afina Akropolunu ziyarət edənlərin sayına görə kvotanın tətbiq edilməsi planlaşdırılır. Bu məkana gündə 20 mindən çox adam buraxılmayacaq. Hələ ki, limit sınaq rejimində tətbiq ediləcək, lakin gələn ilin aprel ayına qədər qayda məcburi olacaq. O vaxta qədər Yunanıstanın Mədəniyyət Nazirliyi səmərəliliyi qiymətləndirəcək və zəruri halda sistemi korrektə edəcək.

“Aydındır ki, turizm ölkə üçün, hamımız üçün vacibdir. Lakin biz elə etməliyik ki, tarixi abidələrə zərər dəyməsin”, – deyə mədəniyyət naziri Lina Mendoni qeyd edib.

O əlavə edib ki, oxşar təcrübə gələcəkdə Yunanıstanın digər görməli yerlərində də tətbiq olunacaq.

İtaliya da bəzi görməli yerləri qonaqlardan qorumağa səy göstərir. Romada turistlərdən biri tarixi abidə olan Trevi fontanında çiməndən sonra şəhər şurası obyektin ziyarət edilməsinə görə ödəniş tətbiq etməyi və ya xüsusi turniketlər quraşdırmağı təklif edib. Bundan başqa, iyul ayından Roma Panteonuna da giriş pullu olub.