Böyük Britaniyanın “The Rolling Stones” rok qrupunun yaradıcıları Mik Caqqer (Michael Philip Jagger) və Kit Riçards (Keith Richards) bundan sonra Londonun yaxınlığında yerləşən doğma Dartford şəhərində heykəlləri ilə də pərəstişkarlarını salamlayacaqlar.

“The Glimmer Twins” adlı heykəltaraşlıq kompozisiyasının müəllifi Emi Qudmandır. Mik Caqqer əlində mikrofonla təsvir olunub. Onu gitarada Kit Riçards “müşayiət” edir.

Heykəllər 80 yaşlı musiqiçilərə yubiley hədiyyəsi də sayıla bilər. Mik Caqqer yubileyini 26 iyulda qeyd edib, Kit Riçardsın 80 yaşı 18 dekabrda tamam olacaq.

“The Rolling Stones” rok qrupu 1962-ci ildə yaradılıb və on ilə yaxın populyarlıq baxımından əfsanəvi “The Beatles” ilə rəqabət aparıb. 1970-ci ildə qrup halında fəaliyyətini dayandıran “Liverpul dördlüyü”ndən fərqli olaraq “The Rolling Stones” son illərədək səhnəyə çıxıb, konsert turları edib. 2021-ci ildə qrupun zərb alətləri ifaçısı  Çarli Votss (Charles Robert Watts) 80 yaşında dünyasını dəyişib. Mik Caqqer və Kit Riçardsdan savayı qrupun bas-gitaraçısı Ronni Vud ( Ronald David Wood, 1947) da  sağdır.

Dünya rok musiqisi tarixinin ən uğurlu və uzunömürlü qruplarından sayılan “The Rolling Stones”un albomlarının ümumi tirajı 250 milyonu keçib. Bunun 200 milyonu ABŞ-də satılıb.

V.Kamal