Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY bu il üzv ölkələrin məktəbliləri arasında inşa və rəsm müsabiqələri keçirib. Hər iki müsabiqə TÜRKSOY-un 30 illik yubileyinə həsr olunub.

Fevral ayında elan olunan “Türk dünyasının qızıl körpüsü – TÜRKSOY” mövzusunda inşa və “Türk dünyası uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqələrində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə məktəbliləri iştirak ediblər.

Şərtlərə görə, hər ölkənin təhsil sahəsi üzrə nazirlikləri  müvafiq seçim keçirərək hər müsabiqə üzrə 10 məktəblinin əl işini və 10 inşa yazısını TÜRKSOY-a göndərməli idi. Daha sonra TÜRKSOY Katibliyində müsabiqə işləri dəyərləndirilib və hər ölkə üzrə 3 qalib seçilib.

Xatırladaq ki, bir müddət əvvəl “Türk dünyası uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinə yekun vurulmuşdu. Azərbaycandan Günel Rzayeva, Dürdanə Allahverdiyeva, Aysu Nəcməddinova qaliblər arasında yer alıb.

Bu günlərdə isə “Türk dünyasının qızıl körpüsü – TÜRKSOY” mövzulu inşa müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, 6 ölkənin hər birindən şagirdlər inşaları öz ana dillərində yazıblar. Buna görə də yazıların oxunması və qiymətləndirilməsi müəyyən vaxt aparıb.

Türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqədə altı ölkənin ümumtəhsil məktəblərinin 13-15 yaşlı şagirdləri iştirak ediblər.

Bu günlərdə inşa müsabiqəsinin qalibləri elan edilib. Azərbaycan məktəbliləri Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da mükafatlara layiq görülüblər.

Qeyd edək ki, müsabiqədə mükafat olaraq 1-ci yer üçün notbuk, 2-3-cü yerlər üçün isə planşet nəzərdə tutulmuşdu.